Bioqrafiya

“1937-ci ilin payızında dünyaya gəlmişəm. İsmayıllı rayonunun Buynuz kəndində”. Söhbətə belə başladıq. – Söhbətimiz maraqlı alındı çağdaş Azərbaycan ədəbiyyatının ən sanballı simalarından olan şair Musa Yaqubla. – Doğulduğu kəndin adı daim müzakirə mövzusu olub. Müzakirələrə səbəb etimologiyası hər bir azərbaycanlıya dəqiq bəlli olan buynuz sözünün bu kəndin adında necə abidələşməsidir. Musa müəllimin və onun yurddaşlarının bu məsələyə yanaşmalarına görə, dağın ətəyində yerləşən doğma kəndlərinə bu adın verilməsi tamamilə məntiqlidir. Çünki kənd aşağıdan baxarkən dağların arasında nəhəng bir kəl duruşu əzəmətinin aurasını yaradır. Amma alimlər bunu başqa cür mənalandırıblar. Onlar elə bu kəndin ən sayılıb-seçilən ziyalılarından olan Musa Yaqubu inandırmaq istəyiblər ki, kənd Qafqaz sıra dağlarının tektonik zonasında – zəlzələ ocağında yerləşdiyindən tarixən burada baş verən titrəyişlər nəticəsində yerdən çıxmış zəlzələ buynuzları əmələ gəlib. Alimlər kəndin adındakı Buynuz sözünün etimologiyasının bundan qaynaqlandığını iddia ediblər. Hər halda bu bir elmi yanaşmadır. Və nə qədər qəribə olsa da ikinci versiya elə birincinin təsdiqini ortaya çıxarmış olur. Burada hətta zəlzələ ilə bağlı tarixən yaranmış bir el inancı da müəyyən mənada öz təsdiqini tapır ki, guya “yer kürəsi bir öküzün çiynində qərar tutub, öküz buynuzlarını tərpədəndə kürreyi-ərz titrəyişlərə-zəlzələlərə məruz qalır”.

Həyatı

Musa Yaqub ömrü – tariximizin bir parçası

Azərbaycanın görkəmli şairi Musa Yaqubun həyat və yaradıcılığını əhatə edəcək internet saytının yaradılması barədə düşünəndə ilk ağlımıza gələn fikir bu oldu ki, ölkəmizin tarixi və ədəbi dövrünün bəlli bir parçasını öz taleyində, xatirələrində və yaradıcılığında yaşadan ziyalımızın elə öz dili ilə də həmin xatirələri çözələyək. Ona görə də əziz oxucular, böyük şairimizin xalqımızın yaxın tarixinin bir hissəsi ilə həmahəng səsləşən ömür yolunun təqdimatında ənənədən bir qədər kənara çıxası olduq.
Söhbətimiz boyu onun həyat və yaradıcılığının bütün çalarlarına toxunmaq istədik. İstədik ki, müasir texnologiyanın yaratdığı virtual məkanın imkanları sayəsində şəxsi internet saytında onu təkcə azərbaycanlılara deyil, qloballaşan, bir kənd halına gələn dünyamız boyu geniş oxucu kütləsinə layiqincə təqdim edə bilək. Məqsədimizə nə qədər nail olduğumuzu sizlər dəyərləndirəcəksiniz.

Buynuz kəndinin öz yeri var

“1937-ci ilin payızında dünyaya gəlmişəm. İsmayıllı rayonunun Buynuz kəndində”. Söhbətə belə başladıq. – Söhbətimiz maraqlı alındı çağdaş Azərbaycan ədəbiyyatının ən sanballı simalarından olan şair Musa Yaqubla. – Doğulduğu kəndin adı daim müzakirə mövzusu olub. Müzakirələrə səbəb etimologiyası hər bir azərbaycanlıya dəqiq bəlli olan buynuz sözünün bu kəndin adında necə abidələşməsidir. Musa müəllimin və onun yurddaşlarının bu məsələyə yanaşmalarına görə, dağın ətəyində yerləşən doğma kəndlərinə bu adın verilməsi tamamilə məntiqlidir. Çünki kənd aşağıdan baxarkən dağların arasında nəhəng bir kəl duruşu əzəmətinin aurasını yaradır. Amma alimlər bunu başqa cür mənalandırıblar. Onlar elə bu kəndin ən sayılıb-seçilən ziyalılarından olan Musa Yaqubu inandırmaq istəyiblər ki, kənd Qafqaz sıra dağlarının tektonik zonasında – zəlzələ ocağında yerləşdiyindən tarixən burada baş verən titrəyişlər nəticəsində yerdən çıxmış zəlzələ buynuzları əmələ gəlib. Alimlər kəndin adındakı Buynuz sözünün etimologiyasının bundan qaynaqlandığını iddia ediblər. Hər halda bu bir elmi yanaşmadır. Və nə qədər qəribə olsa da ikinci versiya elə birincinin təsdiqini ortaya çıxarmış olur. Burada hətta zəlzələ ilə bağlı tarixən yaranmış bir el inancı da müəyyən mənada öz təsdiqini tapır ki, guya “yer kürəsi bir öküzün çiynində qərar tutub, öküz buynuzlarını tərpədəndə kürreyi-ərz titrəyişlərə-zəlzələlərə məruz qalır”.
Söhbətimizin bu yerində artıq mülahizələrə son verib Musa Yaqubun bütün Azərbaycana tanıtdığı Buynuz kəndinin üzərinə qayıdırıq:
– Buynuz əvvəl çox böyük kənd olmayıb. Əslində ata-babalarımız daha yuxarıda – Babadağın ətəyində yerləşən Zanqı kəndində yaşayıblar. Həmin kəndə Zanqı da, Zəngi də deyirlər. Çox güman ki, əsl adı Zəngidi. Çünki etimoloji baxımdan bu söz Azərbaycanımızın tarixi yer adları olan Zəngibasar, Zəngilan adlarına daha çox uyğun gəlir. Amma sonradan gəlib Buynuzda məskunlaşıblar.
Buynuzunsa öz yeri var: “Bu kənd çox gözəl bir məkandadı. Bir tərəfdən Göyçay çayı axır. Digər tərəfi Canalı dağı ilə əhatə olunub. Həddən artıq mənzərəli, guşəli bir yerdir. Mən gözümü dünyaya orada açmışam. Uşaqlıq illərimdən üzü bəri Buynuzun daşlarını, kəsəklərini, bulaqlarını, ağaclarını, ov yollarını, cığırlarını daha yaxından tanıyıram. Çünki uşaqlıq illərim qarğı atın belində oralarda keçib”.

Yağışda dərsə gedərlər?!..

Musa müəllimin uşaqlıq illərini çözələyirik:
– 1943-cü ildə vaxtından bir il qabaq mən Buynuz kənd ibtidai məktəbinə daxil olmuşam. Çox yaxşı xatırlayıram məktəb illərini. Bizə rəhmətlik Məcid müəllim dərs deyirdi. Məktəb bir müəllimdən, bir də biz şagirdlərlərdən ibarət idi. Bir dəfə möhkəm yağış yağanda durub dərsə getdim. Müəllim mənə dedi ki, ay bala, görmürsən yağış yağır, nə əcəb gəlmisən? Deyirlər uşağın yaddaşı güclü olur. Bu həqiqətdir. İndiyədək bu söz yaddaşıma həkk olunub. Elə bilirəm yağış yağanda uşaq dərsə getməməlidir.

Çətin illər

Böyük Vətən Müharibəsi və ondan sonrakı çətin illər gələcək şairin həyatında, uşaqlıq yaddaşında dərin izlər buraxdı. 1946-cı ildə isə 9 yaşlı Musanın həyatında daha bir uçurum yarandı. Dərd üstünə dərd gətirən bu il 4 azyaşlı uşağın atasını onların əlindən aldı. Atasızlıq əzabını bütün məziyyətləri ilə daşımaqsa başsız qalmış, taleyin ümidinə buraxılmış ananın və onun körpələrinin öz üzərinə düşdü:
– 1946-cı ilin payızında atam rəhmətə getdi. Bizi çox ağır bir vaxtda qoyub getdi atam. Biz iki qardaşım bir bacımla o çətin illərdən anamın hünəri sayəsində çıxdıq. Mən sonralar atamın dünyasını dəyişməsini iki şeirimdə bədii surətdə təsvir eləmişəm. Biri “Atamın xatirəsinə”, biri isə “Atam, atam” şeirləridir.
Müəllim qıtlığı səbəbindən Buynuz kəndində bir müddət dərslər keçirilmədi. Yaşımızın az olmasına baxmayaraq təxminən bir il biz məktəbliləri kotançılığa, mal-qara otarmağa cəlb elədilər. Bu minvalla 1950-ci ilə qədər kolxozda işləməyə məcbur olmuşam. Cüzi əmək haqqı almağımıza baxmayaraq həm anam, həm bacım, həm də mən işləməyə məcbur idik. Biz – uşaqlar yaşca kiçik olsaq da əməyimiz evin dolandırılmasına kömək edirdi. Amma onu da deyim ki, kotançılıq çox çətin bir iş idi. Kəndin ətrafındakı torpaqları becərirdik. Kotana iki cüt öküz qoşulurdu. Mən boyunduruq üstündə oturardım. Həmişə çalışırdıq ki, qoşmaq üçün bizə boz və güzək adlı öküzləri versinlər, çünki həmin öküzlər cilovu daha yaxşı götürür, daha rahat işləyirdilər və rəddi korlamamaqla şumu çox yaxşı salırdılar. Bizim dəstəçi rəhbərlərimiz var idi. Əgər öküzlər kotanları rəddən çıxarsaydılar onda dəstəçilər bizi danlayırdılar, tənbeh edirdilər. Uşaqların, cilovçuların işinin bir çətinliyi də onda idi ki, iş dayanandan – öküzlər kotandan açılandan sonra kotançılar istirahət etsə də, uşaqlar öküzlərin qulluğunda durmalı, onları otarmalıydılar. Ona görə də biz istirahət bilmədən fasiləsiz işləməli olurduq. O illər mənim xatirələrimdə ən çətin illər kimi qalıb. Mən sonralar o illərin ağrı-acısını “Zülmün nağılı” şeirimdə, “İndi desəm nağıldır” poemamda təsvir eləmişəm. Çobançılığımızı, qayğılarımızı, kədərimizi, sevincimizi, may bayramını necə keçirdiyimizi təsvir eləmişəm. Təsəvvür edin ki, 1 May bayramında yarımca gün bizə kotanı saxlamağa icazə verirdilər. O yarım günün içərisində bütün ağrı-acılara baxmayaraq çox maraqlı bir kampaniya keçirilirdi. Hərə öz yaşına görə. Beş-on qruppa – valideynlər ayrı, uşaqlar ayrı, qızlar ayrı, yeniyetmələr ayrı kampaniyalar təşkil edirdi. Çox maraqlı gəlirdi bizə. Düyü əkdiyimizə görə bir stəkan düyü, bir stəkan lobya, bir yumurta və bir çətvər yağ götürürdük. Bu ərzaqların üzərində qurulurdu bütün oyunlar. Maraqlı keçirilirdi…

Ağır zəhmətin dadlı düyüsü

Musa müəllim söhbətinə davam edir:
– Biz çəltik əkini üçün xil yerini şumlayırdıq. Sonra malalamaq, tilə bağlamaq çox çətin işlər idi. Beləcə böyük çətinliklər bahasına çəltik yetişdirilirdi.
…Musa müəllim indi həmin düyü növünə heç yerdə rast gələ bilmir. Axtaranda deyiblər ki, həmin növün adı “əmbərqunu” olub. Başqa versiyalar söyləyənlər də tapılıb. Amma Musa Yaqubun uşaqlıq illərinin acılı-şırınli xatirələrinin içərisində özünə məskən salmış çəltiyin əslindən tapılmayıb. İndi həmin düyünün nə özünü tapmaq, nə də dadını başqa düyülərdə hiss etmək mümkün deyil. Bəlkə də uca Tanrı həmin çox dadlı düyü növünü onu yetişdirmək üçün çəkilən həmin ağrı-acıları, yorğunluğu insanların canından çıxarmaq üçün müjdə kimi o qədər dadlı yetişdirirmiş. Bəlkə də o dad həddindən artıq aclıq, qıtlıq çəkmiş insana yavan çörəyin belə şirin gəlməsi timsalından elə hiss olunurmuş. Qoy bu da bizim versiyalarımız olsun…
Çəltiyin yetişib yığılma vaxtına isə onun zəhmətini çəkənlərlə bərabər Hacıleylək (Leylək) quşları da özlərini çatdırarmışlar. Onlarsa düyü ilə yox, daim sulu, rütubətli saxlanılan bicarlarda məskunlaşan qurbağalarla qidalanmaq üçün buraları seçirmişlər. Buynuzda elmi adı Leylək olan bu quşlara niyə Hacıleylək deyilməsi də gələcək şairin marağına səbəb olub. Anasının “bu quşlar Məkkəni, Kəbə evini ziyarət edib qayıtdıqları üçün onlara hacı deyirlər” fikri onun şübhələrinə son verib.

İşığa doğru, öləziməyən ümid…

Bütün çətinliklərin, bədii dildə desək zülmətin içərisində bir ümid közərirdi. Bu ümidin qığılcımları yaşadırdı insanları – belə xarakterizə edir o günləri 74 yaşlı ustad şairimiz. Deyir insanlar nəyəsə çatmaq uğrunda düşündükcə, o düşüncələr bir lokomotivə çevrilib gələcəyə həvəsləndirirdi insanları. Bizim israrla “o ideologoyaydımı?” soruşmağımıza rəğmən cavab verir ki, “bəlkə ideologiya imiş, bəlkə də yox, hər halda bu qəribə bir duyğu idi, ümid idi. Bəlkə heç ümid sözü də əzilmiş, sındırılmış, müharibədən, qan-qadadan çıxmış insanlardakı o həvəsi tam ehtiva edə bilməz”…
…Qəflətən baş verən dəyişikliklər o ümidi öləziməyə qoymur, əksinə onu zülmətdən işığa doğru pərvazlandırır. Bir gün məktəb yaşlı uşaqları kotanın üstündən yerə salırlar ki, sizi Topçu kənd yeddiillik məktəbində gözləyirlər. Tez özünüzü ora çatdırın. Beləliklə bir il yarımlıq fasilədən sonra Buynuzun yeddi kilometrliyində yerləşən Topçu kənd məktəbi onlara qucaq açır. Səkkiz nəfər həmkəndlisi – Novruz, Comərd, Hacıməmməd, Rza və başqaları ilə orta təhsilini bu məktəbdə davam etdirə bilir. “Yuxarıdan” verilən tapşırıq əsasında uşaqları kotançılıqdan ayırır, bir də məktəbdən saxlamırlar.
Fasilədən sonra yenidən dərslərə başlamaq əvvəlcə gələcəyin tanınmış şairinin tərəddüdlərinə səbəb olur. Bunu o, həm müəllimlərin sorğu-sualı zamanı, həm də Topçu kəndinin əlaçı şagirdlərinin müəllimin hər sualına verdikləri cavabların əvvəlcə ona çətin görünməsi ilə izah edir. Ancaq təbii ki, hər bir işdə olduğu kimi əsas görüntü yox, nəticədir. Musa müəllimin xatirələrini vərəqlədikcə elə həmin beşinci sinfin sonunda onun özünü əlaçı şagird kimi təsdiqlədiyinin şahidi oluruq. Gündə iki dəfə, qar-çovğuna məhəl qoymadan yeddi kilometr yolu qət edən şagirdin bu nəticələrə imza atması onun gələcəyinin ilkin göstəriciləri kimi həm özünə inam yaradırdı, həm də ətrafındakıları sevindirirdi.
Topçu məktəbinin Musa müəllimin yaddaşında özünəməxsus çalarları var. Deyir ki, buradakı mühit onu oxumağa daha çox həvəsləndirib. Üstəlik burada o bir çox tarixi məzmunlu kitablar, eləcə də qədim ədəbiyyat nümunələri ilə tanışlıq imkanı əldə edib.

Göyçay Pedaqoji Texnikumunda

Topçu məktəbini müvəffəqiyyətlə bitirən Musa Yaqub Comərd adlı həmkəndlisi ilə birlikdə sənədlərini Goyçay Pedaqoji Texnikumuna verir. 1953-cü ildə. Qəbul edirlər. İki nüansa diqqət yetirirlər. Birincisi təbii ki, Musa müəllimin dərin savadı, işıqlı mülahizələri, ikinci faktorsa onun doğulduğu İsmayıllı rayonunda müəllimə olan sonsuz tələbat. Musa müəllim təvazökarlıq edib ikinci faktoru daha çox qabartmaq istəyir…
…Texnikum illəri də Musa Yaqub üçün çətin illərin sırasındadır. Əslində elə bunu Azərbaycanımızın hər yerindəki analoji zamanla müqayisə edib konkret nəticəyə gəlmək olar. Ancaq şair bu illəri də həyatının maraqlı illəri kimi bizlərə çatdırır. Bu da görünür onun şair təbiətindəki daim yaxşını görmək, yaxşını seçmək istəyindən yaranıb: “Vallah biz texnikumda imkansızlıq ucbatından yeməkxaya da gedə bilmirdik. On beş gündə bir dəfə kəndimizə gedib müəyyən ərzaqları gətirməklə birtəhər günümüzü keçirirdik. Ancaq oxumaq istəyi hər şeyə güc gəldiyindən bura bizim üçün çox maraqlı idi. Mən indiyə qədər də düşünürəm ki, Azərbaycan dilinin qrammatikasının incəliklərini bu texnikumda oxumağımın hesabına mənimsəyə bilmişəm”.

…İlk şeir

İlk sevgi kimi yaranır ilk şeir. Elə ilk sevgi kimi dayanıqsız da olur, yaşarı da. Musa Yaqubun ilk şeiri Topçuda yaranıbmış. Musa müəllim “Koroğlu”, “Moskva”, “Bakı” kimi şeirlərini sonrakı günlərdə çox zəif poeziya nümunələri hesab etdiyindən heç onları çap etdirmir də. Amma ilhamının o illərdə baş qaldırdığını da dilə gətirir. Arada bir boşluq görürük. Bu boşluğa texnikumda son qoyulur. Bu təhsil ocağına Bakıdan təşrif buyurmuş sənət adamlarının içərisində mərhum aktyor Müxlis Cənizadənin Səməd Vurğunun “Şair nə tez qocaldın sən?” məşhur şeirini bədii qiraətin imkanları çərçivəsində intonasiya ilə tələbələrə çatdırması Musa Yaqubun həmişəlik poeziya ilə yol yoldaşı olacağına böyük bir stimul verir. Bununla da “Ana və Vətən”, “Sülh işi haqdır” kimi şeirlər yaranır. Ancaq şair onları da böyük poeziyanın cərgəsində görmədiyindən çapa verməyə tələsmir. Buna baxmayaraq artıq bu illərdə onu bir yazar kimi bütün tədbirlərə dəvət edirlər. Hətta Göyçayın küçələrində belə adi insanlar onu tanımağa başlayırlar. 1957-ci ildə isə onun Göyçayın “Qalibiyyət bayrağı” adlı rayon qəzetində ilk şeirləri çap olunur.

Ali məktəb

Ali təhsil almaq vacib idi. Texnikum qurtaranların ali təhsil ocaqlarına gedən yolunda 3 illik bir sədd var idi o illərdə. Tələb belə idi ki, 3 il onlar kənd məktəblərində dərs deməliydilər. Amma istisnalar da vardı: texnikumu əla qiymətlərlə bitirənlər birbaşa qəbul imtahanlarına gedə bilərdilər. Deməli, ikincilərin sırasında əvvəlinci yerdə dayanan Musa Yaquba yaşıl işıq var idi. Amma bu dəfə ömrünün bir hissəsini əzab-əziyyətlər içərisində keçirməyinə baxmayaraq sarsılmayan gələcək şairin yollarını başqa bir sədd dayandırdı. Bu da ali məktəbə istehsalat sahələrindən xüsusi göndərişlərlə istiqamətləndirilənlərə müsabiqələr zamanı intəhasız üstünlüklərin verilməsi idi. Bu isə təkcə toplanmış eyni balların müsabiqəsi demək deyildi. Həmin illərdə göndərilənlərin aldığı 4 “kafi” qiymət göndərişsizlərin 4 “əla” qiymətini belə asanlıqla müsabiqədə uda bilirdi. Belə bir “qanuniləşdirilmiş ədalətsizlik” onun Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsinin bir addımlığından geriyə qayıdıb müəllimlik fəaliyyətinə başlamasına səbəb oldu. Bu səbəbdən də Musa Yaqub illər sonra – 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsinin (indiki Bakı Dövlət Universiteti) qiyabi şöbəsini bitirib.
… İsmayıllının maarif şöbəsi Musa Yaqubu rayonun Tijgan kəndinə ibtidai sinif müəllimi təyin edir. Burada o, həm müəllim, həm də məktəbin katibi kimi fəaliyyət göstərir. Məktəbdə təhsil alan şagirdlərin içərisində boyca və yaşca ondan böyükləri də var imiş.

Üzqırxana dönmüş saat

Musa Yaqub Bakıya ayaq basdığı ilk məqamlarla ilgili yaşanan maraqlı nüansların da bəzilərini bizimlə bölüşdü. Sən demə şairin paytaxta ilk gəlişi 1957-ci ildə Montin bağında keçirilən festivalla bağlı olubmuş. Burada şeir oxuyan şairə əvvəlcədən deyiblər ki, sizə mükafat nəzərdə tutulub. Qızıl saat alacaqsınız. Ancaq hədiyyə açılanda oradan qızıl saat əvəzinə üzqırxan çıxır: “Oradan nə çıxacağından asılı olmayaraq o, ilk hədiyyə kimi mənim üçün çox qiymətli idi”.

…Poema yazmaq istəyi

Məktəbdə dərs deyən Musa müəllim Azərbaycan və dünya ədəbiyyatının mütaliəsini davam etdirir. XX əsrin 50-ci illərinin sonunda Əli Kərimin “Damcılar”, “Azərbaycan Simfoniyası” poemalarını, Səməd Vurğunun dərc olunmamış şeirlərini və başqalarını mütəmadi olaraq oxuması onda qələmini poema janrında sınamaq həvəsi oyadır və o, hələ texnikum illərindən ürəyində yaşatdığı, əvvəlki adı “İki qəlb, iki dünya, bir qılınc” olan, sonradan “İki qəlb, iki dünya” kimi məşhurlaşan poemasını yazmağa başlayır. Poemanın mövzusu 1957-ci ildə Moskvada keçirilən “Ümumdünya Gənclər Festivalı”ndan götürülmüşdü. O festivala bütün dünyadan insanlar gəlmişlər. Mövzu ilk baxışdan məhəbbət notları üzərində qurulur. Guya ki, “həmin festivala Bakıdan Azad adlı bir tarçalan oğlan gedir, Təbrizdən isə Gülşən adında bir qız. Gənclər burada tanış olub sevişirlər. Poema təbii ki, iki gəncin məhəbbətindən bəhs etməyinə baxmayaraq əslində Təbriz, Araz həsrətinin motivləri üstündə köklənir. Aralarında nə qədər böyük sevgi olsa da, onların qovuşmağı qeyri-mümkündür, bilirlər ki, onların arasına fiziki və mənəvi baxımdan nələr çəkib bu iki dünya. Festivaldan dönəndən sonra Azad ən qəmli mahnıları məhz Gülşənçün çalır, Gülşən də sərhəddin o biri üzündə Araz boyu bu taya baxa-baxa göz yaşları axıdır. Şair bu hissləri onların qovuşulmaz günlərinin bədii ifadəsi kimi nəzmə gətirir”.
Gənc şair “İki dünya, iki qəlb”-i zərfin içinə qoyaraq Azərbaycan Yazıçılar İttifaqının o vaxtkı sədri, xalq şairi Məmməd Rahimə ünvanlayır. Təxminən bir ay sonra poçtalyon Musa müəllimə Bakıdan, şair Məmməd Rahimin adından iri həcmli bir məktub gətirir. Məktubda yazılan “poema çox xoşuma gəldi” cümləsini oxuduqda Musa müəllimin keçirdiyi sevinc hisslərini indi də kağız üzərinə olduğu kimi köçürməkdə qələm acizdir. Amma bununla yanaşı M.Rahim bu ilk iri həcmli qələm məhsulunun üzərində məsləhət xarakterli bəzi düzəlişlər də edibmiş. Gənc şair həmin məsləhətlər əsasında poemada bəzi düzəlişlər edir və onu yenidən Məmməd Rahimə göndərir. Bu dəfəki cavab məktubunda şair qeyd edir ki, o, artıq poemanı komsomol təşkilatına göndərib ki, onu bu qurumun orqanı olan “Azərbaycan gəncləri” qəzetində çap eləsinlər.
Bundan sonra paytaxta gələn Musa müəllim Yazıçılar İttifaqında Məmməd Rahimlə görüşür: “Məmməd Rahimlə şəxsi tanışlığımdan sonra o, mənimlə daha sıcaq hal-əhval tutdu və dedi ki, gərək bu poemaya bir rəy yazsın. Evinin ünvanını verdi. Mən getdim. Gördüm qapıya bir məktub qoyub. Məktubda qəzetə xitabən yazılmışdı ki, “siz bu poemanı çap etməklə bir gənc şairə qol-qanad vermiş olarsınız və İranla SSRİ-nin hazırkı münasibətinə görə onun çapı çox vaxtına düşər”. O vaxt İranla Sovet hökumətinin arası dəymişdi. Ona görə də bu mövzuda olan yazıların çapına bir yaşıl işıq var idi”.
…Poemanı müəllif özü aparır redaksiyaya: “Cəmil Əlibəyov məsul katib, Şamil Fərzəliyev şeir şöbəsinin müdiri, İdris müəllim redaktor idi. Poemanı onlara təqdim elədim. İdris müəllim dedi ki, indi imkanım yoxdur, təzə ildə gələrsən, vaxt tapıb oxuyarıq”. Nəqliyyatın tapılmadığı o çətin vaxtlarda böyük çətinliklər, əlavə vəsait məsrəfi bahasına İsmayıllıya gedib-qayıdan gənc şair bu dəfə fərqli bir “mənzərə” ilə qarşılaşır. Redaksiyada saxladığı yeganə nüsxədən ibarət poema elə redaksiyada da müəmmalı şəkildə yoxa çıxıbmış. Kəndə qayıtmağa məcbur olan şair 1350 sətirlik poemanı təzədən bərpa etməli olur: “Gətirdim yenidən redaksiyaya, baş redaktor oxudu, hətta bəzi yerlərində kövrəldi də. Göndərdi məsul katibin üstünə. Cəmil Əlibəyov oxuyanda dedi ki, sən burada yazmısan qız Təbrizdən gəldi Moskvaya, sonra Azərlə sevişdilər filan, o vaxt İran axı məhərrəmlik olduğu üçün Moskvaya heç kimi göndərmirdi, ona görə burası düz gəlmir(?!). Düşdüm 5-ci mərtəbəyə. Redaktor dedi ki, eybi yoxdur, belə də gedər. Söhbət bununla bitdi”.
Beləcə, nəhayət ki, 1959-cu il mart ayının 13-də “İki qəlb, iki dünya” çap olunmağa başlayır. Dörd nömrə dalbadal çıxır. Qəzet də rayona çox gec-gec gəlirdi. Ona görə də axırıncı hissə müəllifə qəzetin çap tarixindən çox gec gedib çatır. Bu vaxt artıq Buynuz kənd məktəbində işləyən Musa Yaqubovla İsmayıllının maarif müdirinin arasında bir mükalimə yaranır. Maarif müdiri çağırıb soruşur ki, müəllif sənsənmi? Müəllim deyir ki, bəli. Müdir yenidən məntiqə uyuşmayan başqa bir sualla “onun niyə bu işdən xəbəri olmadığını” aydınlaşdırmaq istəyir. Ancaq söhbət bununla da bitir.
…İlk poemanın müəllifə şöhrət gətirməsilə bərabər, ona belə ağrı-acılar da yaşatdığından danışan şair bu əsnada qəribə təbəddülatlar yaşandığını deməklə mövzunun ürəkbulandırıcı səmtini dəyişməyə qərar verir. Biz də bundan artıq israr etmirik. Çünki gözəl anlayırıq ki, şairi yaşadan oxuculardır. Musa müəllim deyir artıq çap olunmuş “İki qəlb, iki dünya”nın ilk soraqçısı kimi ona ilk oxucu məktubunu o vaxt opta məktəb məzunu, sonradan şair kimi tanınmış söz adamı Şəmşad Rza yazıb. Təkcə birincinin adını çəkməklə ona görə kifayətlənirik ki, uzun-uzadı siyahını burada yerləşdirməyə lüzum qalmır və kiminsə adını çəkib, kimisə unuda bilərik. Həm də söhbətimizin ardı çox maraqlı olduğundan onu musayaqubsevərlərə tez çatdırmağa tələsirik.
…Nə qədər qəribə səslənsə də, bütün bu baş verənlərdən sonra ədəbiyyat, poeziya təşnəsi Musa Yaqub üçün şeir yazmaq bir müddət əzaba çevrilir. Şair bunu “ənənələr arasında mübarizə, çarpışma” kimi izah etməyə çalışır. 60-cı illərin başlanğıcına təsadüf edən bu zaman kəsiyində köhnə ədəbi formalarla yeni yaranan ədəbi formalar arasında bir çoxlarının, o cümlədən, özünün də var-gəl etdiyini deyir. Hətta yazdığı bir sıra şeirlərin redaksiyalardan geriyə qaytarıldığını da gizlətmir. Amma təbii ki, bu hal uzun çəkmir və tezliklə biz Musa Yaqubun vətəndaş mövqeli, daha böyük ictimai yüklü şeirlərinin şahidi oluruq.

Yaradıcı mühitin içində

Artıq özünü bir şair kimi tanıtmış Musa Yaqub universiteti bitirdikdən sonra ona Azərbaycan Yazıçılar İttifaqının o vaxtkı sədri, mərhum yazıçımız Mirzə İbrahimov tərəfindən bu qurumun bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini vəzifəsi təklif olunur. Deyir ki, Bakıda işə götürülmək üçün əvvəlcə ona qeydiyyat problemi yaradılsa da, o vaxt daxili orqanlarda çalışan şair Azad Talışoğlunun köməkliyi nəticəsində bu problemi tez bir zamanda “Hövsan kəndində yaşayan əmisi oğlunun yataqxanadakı otağına qeydiyyata salınmaqla” həll edilir və o işə başlayır.
Beləcə ədəbi mühitin içinə düşmüş, səfalı təbiət qoynundan, İsmayıllının sərin dağ havasından isti Bakıya köç eləmiş şair üçün bir müddət sonra Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində yerləşən “Yazıçılar Evi”nə rəhbərlik vəzifəsi isə lap göydəndüşmə bir təklif olur. Təklifi məmuniyyətlə qəbul edir və bir neçə il orada işləyir.
1974-cü ildə şair Cabir Novruzun vasitəsi ilə çatdırılan məsləhət əsasında Musa Yaqubu “Azərbaycan” jurnalının şeir şöbəsinin müdiri vəzifəsinə dəvət edirlər. Bu vaxt jurnalın baş redaktoru gözəl yazıçımız İsmayıl Şıxlı, müavini isə istedadlı şair Qabil İmamverdiyev imiş. Lakin şair birdən-birə bu işə razılıq verə bilmir. Səbəbinin izahında deyir ki, başqa bir şair dostu Məmməd İsmayıl hələ Buynuza gələndə bu vəzifənin ona təklif olunduğunu söyləyibmiş. Eyni zamanda Fikrət Qoca da həmin yerin ona təklif olunduğunu deyibmiş. Ona görə də Musa müəllim özünəməxsus bir əxlaq nümayiş etdirərək hər iki şair dostunun razılığını alır və işləməyə başlayır. Bu vəzifə onun üçün maraqlı olduğu qədər də çətin və məsuliyyətli bir iş olur. Çətinliyi hər nömrəyə 20 min sətirlik şeir hazırlamaqda, maraqlılığı təbii ki, Azərbaycan ədəbiyyatının inkişafına xidmət imkanı qazanmaqda idi. Nəsr şöbəsinin işinin də çətinliklərindən söz açdı Musa müəllim. Burada çalışan yazıçılar İsi Məlikzadənin, Sabir Süleymanovun və başqalarının da əməyini yüksək dəyərləndirdi.
…O illəri də maraqlı illər adlandıran Musa Yaqub şairlərimizi sevindirdikləri məqamların da olduğunu, şeirlərin hamısını çap edə bilmədiklərinə görə onlardan bəzilərini incidib-küsdürdüklərini də dedi. Bir dəfə baş vermiş olayı isə xüsusi olaraq qabartdı: “9-cu nömrəni hazırlayıb Qabillə bir yerdə aparıb İsmayıl müəllimə verdik. Orda mənim Əfzələddin Xaqaniyə həsr elədiyim “Dəyirman” poemam da var idi. Lakin İsmayıl müəllim bütün poeziyanı qaytardı ki, bu nömrə şeir getməsin. Qabilin rəngi qaçdı. Çıxdı getdi. Səhəri gün işə də gəlmədi. Məktub yazıb göndərdi ki, niyə nəsr əsərləri getsin, poeziya getməsin? Bundan sonra İsmayıl Şıxlı yaranmış gərginliyi aradan qaldırmaq üçün çapa hazırladığımız bütün poeziyanı da nömrəyə daxil elədi. Beləliklə mənim “Dəyirman” poemam da işıq üzü gördü”.

İsmayıllıya dönmək bəhanəsi…

1974-cü ildə Azərbaycanın ziyalı mühitində çoxlarının yaddaşında yaxşı insan kimi obrazlaşmış, əvvəlcə “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru, sonra Şuşa da daxil olmaqla bir neçə rayonun I katibi işləmiş, qələm əhli Qəşəm Aslanov İsmayıllı rayonuna da eyni vəzifəyə transfer olunur. Musa müəllim köhnə tanışı olan I katiblə elə ilk görüşündəcə onun nəzərinə çatdırır ki, əgər Qəşəm Aslanovun bu rayona rəhbər gələcəyini bilsəymiş, heç Bakıda qalmağa razılıq verməzmiş.
…Bu söhbətin üstündən bir neçə gün keçmiş Bakıda iş yerində Musa Yaqubu tapıb deyirlər ki, İsmayıllının katibinin istəyincə ona rayon qəzetinin baş redaktorluğu təklif olunur. Bu vaxt artıq İsmayıl Şıxlı öz ərizəsi ilə işdən azad olunur. Onun yerinə yazıçı Əkrəm Əylislini təyin edirlər. Yeni baş redaktor da Musa Yaqubla işləmək, hətta onu baş redaktorun müavini vəzifəsinə yüksəltmək istəyir, bunun üçün Yazıçılar İttifaqının sədri İmran Qasımova da müraciət edir. Lakin İmran Qasımov artıq qərarın qəbul olunduğunu və Musa Yaqubun İsmayıllı rayon qəzetinə redaktor gedəcəyini bildirir. Buna görə hətta Əkrəm Əylisli ondan inciyir də. Amma çox keçmir ki, hər şey məcrasına düşür.
Bu vəzifəyə başlayanda isə əvvəlcə onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov qəbul edir. Respublikanın rəhbəri ona “indi sən daha partiya işinə keçirsən ha” deməklə sətiraltı münasibət bildirir. Musa müəllim bu sözün ona işin məsuliyyətinin ağırlığını başa salmaq üçün deyildiyini anlayır.
Amma işə başlayan kimi həmin sözlərin ağırlıq yükünü başa düşür. Rayon qəzetinin redaktoru daha “Azərbaycan” jurnalının işçisi kimi sərbəst fəaliyyət göstərə bilmir. Rayon rəhbərliyinin saatlara, çərçivələrə sığmayan iş qrafikinə müvafiq o da öz işini qurmalı olur: “Çətin, ya asan, beləliklə 1974-cü ilin sentyabr ayından başladım redaktor kimi işləməyə. Rayon mərkəzində ev verdilər. Bir ildən sonra uşaqları da Bakıdan köçürdüb apardım. O illərdə əsas fəaliyyətimi yaradıcılıq işləri üzərində qurdum. Televiziyada, radioda tez-tez çıxışlarım olurdu, “Bir sim üstə” adlı kitabım çap olundu və sairə”.

Şair elə millət vəkilidir…

Azərbaycanda xalq hərəkatı başlayır. Qəlbi daim Vətəninin müstəqilliyi, ən böyuk mənada azadlıqlar eşqilə çırpınan Musa Yaqub bu hadisələrdən kənarda qala bilməzdi. Heç qala bilmədi də. Musa müəllim deyir ki, həmin dövrdə İsmayıllıda hərəkat fəallarının təşkilatlanmasında yaxından iştirak edib. Hətta mitinqləri idarə etməyi də ona həvalə edirmişlər. Bu mitinqlərin də maraqlı və yaddaqalan anları onun xatirindədir: “Rayon mərkəzində mitinqin gedişində kimsə yerdən dedi ki, biz burada deyib-danışırıq, ancaq Leninin heykəli dayanıb başımızın üstündə bizə baxır. Bu sözü eşidən kimi əksəriyyət mitinq iştirakçısı istədi heykəli götürüb atsınlar yerə. Ancaq bir ağsaqqal dedi ki, toxunmayın, onsuz da özü utanıb düşüb gedəcək. Elə ağsaqqalın dediyi kimi də oldu”.
Bu hadisələrdən sonra həm ədəbi-mədəni, həm siyasi aləmdə kifayət qədər tanınan Musa Yaqubu İsmayıllı seçiciləri 1995-ci il parlament seçkilərində böyük səs çoxluğu ilə millət vəkili seçirlər: “Beş il deputat kimi fəaliyyət göstərdim. Heç zaman deputatlıqla uyuşa bilmədim.
– Ürək sirrim buz bağladı,
Dondurdu sırsıra məni.
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?!.

O zorbala, bu ərköyün,
Üz qırmızı, alın düyün
Açması yox bu örtüyün
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha “üç badam, bir qoz” dedim,
Qoşdular bu xora məni!

Bax, bu misralar orda doğuldu. Beş ilin ərzində bəzi təkliflərim də oldu. Ona görə fəaliyyətimi orta səviyyədə hiss eləyə bilirdim. Nə isə, oldu keçdi. Bu illər həm də maraqlı hadisələrlə yadda qaldı. Məsələn, vətəndaş cəmiyyətinin yaranması və inkişafında öz sözümü dedim. Bu aspektdə fəaliyyətim uğurlu oldu”.
Bu sözləri dinləyəndə daxilimdə bir duyğu baş qaldırdı. Düşündüm ki, Musa Yaqubu millət vəkili kimi təmin etməyən nə olub görəsən? Və təbii ki, daxilimdəki bu suala hazır cavab da özünü çox gözlətmədi. Axı şair onsuz da millətin əsl vəkilidir. Özü də mübaliğəsiz, rəsmi seçkilərsiz, çərçivələrsiz-filansız. Təbii ki, şair ucalığını qazananda. Elə Musa Yaqub kimi…
Nəzirməmməd Quliyev