Deyiblər

Musa Yaqub zahirən bir qaya parçasına oxşayır, ürəyi gül ləçəyi qədər zərif olan Musa Yaqub mənən də, cismən də təbiətin bir parçasıdır ki var. Mənim Musa Yaqub haqqında dördlüyümdə deyilir: Musa Yaqub şeirimizin Səttar Bəhlulzadəsi, Sərrast Bəhlulzadəsi, Əttar Bəhlulzadəsidir.

Qabil

Söz adamlarının dəyərləndirdiyi Musa Yaqub abidəsi

İstedadlı gənc şair Musa Yaqubun yaradıcılığı ilk günlərdən nəzərimi cəlb eləmişdir: O, Azərbaycanın təbiətcə gözəl guşələrindən olan İsmayıllı rayonunda anadan olmuşdur, orada da yaşayır. Təsadüfi deyil ki, Musa Yaqub təbiətin incəliklərini öyrənməyə çalışır, qalın meşələrin təravətini, quşların nəğməsini, budaqların pıçıltısını, suların xoş səsini şeirə gətirir.

Məmməd Rahim

Hörmətli Musa!
“Yaxşı ki, sən varsan” kitabını oxudum. Burdakı şeirlərin çoxunu vaxtilə qəzet və jurnalların səhifələrində oxumuş və isinmişdim. Bu kitabda isə həm sənin üslubun, həm də mövzu dairən incəliklərinə qədər mənə aydın oldu. Sənin haqqında çox vaxt deyirlər ki, sən təbiət şairisən. Bu fikirlə mən də şərikəm. Təbiəti qəlbən duyan, onun nəğməsini sözə çevirməyi bacaran şairlərimizin özü də yaxşı ki, biri digərindən üslubuna, deyim tərzinə görə seçilir. Bu yerdə Hüseyn Arifi yada salmamaq mümkün deyil. O, daşı, torpağı danışdırmağı, insan hisslərini təbiətə köçürməyi bacarır. Bax bu yolda sənin şeirlərin təzə pillədir.

Bəxtiyar Vahabzadə

Mən deyərdim ki, bu gün Musa Yaqub təbiətin insanla təmasdakı fəlsəfi mənasını layiqincə açıb göstərməyi bacaran nadir şairlərimizdəndir.

Nəbi Xəzri

Musa Yaqubun nəzərində vətən gözəllik timsalıdır. Onun misilsiz şeiriyyəti var. O, həmin şeiriyyəti, gözəlliyi tərənnümdən xüsusi zövq alaraq yazır:
Yay çağı yaylaqda buz olmaz, olarmış,
Dağların belində düz olmaz, olarmış,
Mən dedim lalədən köz olmaz, olarmış,
Çiçəklər yol boyu araqçın düzəldir,
Yaylaqlar gözəldir.

Məmməd Rahim

Onun yarpaqları muğamat üstündə ötür. Musa Yaqubun şeirlərində düşünən və düşündürən təbiət, yaşayan və yaşadan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var.

Mirzə İbrahimov

Təbiət gözəlliyinə özünü təslim edən şair, hər yerdə bu gözəlliyi özünə arxa, kömək və dayaq sayır, qəlbində boşluq hiss edəndə təbiətdən, onun qərəzsiz yaxşılığından kömək umur:
Özümü kimsəsiz sayanda bəzən,
Çinarlar uzadıb əlini mənə.
Təbiətə güvənmək hissi səni insanla təbiət arasındakı incə, ilk baxışda gözəgörünməz əlaqəyə gətirib çıxarmışdır. Sən bir çox şeirlərində təbiət hadisələrində insan ovqatını görür, onları şairanə şəkildə qarşılaşdırırsan.

Bəxtiyar Vahabzadə

Musa Yaqub təbiətin qüssəsini də, sevincini də istedadlı bir gənc şair kimi təsvir edir. O, “eşənəyini itirən quşları, daldaya çəkilən dağkeçisini, nəfəsilə qarı əridən maralları, üstü buz örtülü gəlin bulaqları” seyr edir, onlara qəlbində xüsusi bir məhəbbət bəsləyir. Bu məhəbbət şeirə dönür, insanlarda təbiətə qayğı hissini oyadır.

Məmməd Rahim

Musa Yaqub özünün əsl poetik dünyasını yarada bilmişdir. Onun əsərlərində həyat hadisələri sadəcə təsvir olunmamış, şərh edilməmiş, onlar qəlb hərarəti ilə, əsl həssaslıqla duyulmuş və şairin mənəvi dünyasının ifadəsinə çevrilmişdir.

Asif Əfəndiyev

Musa Yaqubun “Neft Daşlarında gecə yarı” poeması insan qüdrətinə gözəl bir himndir.

Bəxtiyar Vahabzadə

Musa Yaqubu oxuyanda, bəzən bir şeir üzərində düşünüb araşdırmalar aparanda poeziyanın bütün yaradıcılıq nailiyyətlərindən – dəyərlərindən ən ucada durduğunu bir daha təsdiqlədim. Şeir yeni nəyisə yaratmağın ən lətif, kövrək və küsəyən növüdür; o, gələndə minnətsiz şairin könül qapısını açır, öz enerjisinə Səməndər quşu kimi yanır, yox olur – yenə Kainata – Kosmosa – İlahiyə qovuşur: haradan göndərilmişdirsə, o Məkana da qayıdır.

Allahverdi Eminov

Musa Yaqubun bir yaxşı cəhətini də qeyd etmək istəyirəm. O, üç-dörd şeir yazandan sonar şəhərə qaçmağa çalışan gənclərin yolilə getməyir. O, doğulduğu yerlərə ürəkdən bağlıdır. Onun şeiriyyətilə qidalanır. O, təbiətə bağlı olduğundan, gözəlliklər mənzərəsi də onun əsərlərinə təravət verir.

Məmməd Rahim

İçi mən qarışıq təbiət haqqında yazmayan şair yoxdur. Musa Yaqub poeziyasında təbiət insaniləşdirilib. Zərif bir bənövşədən nəhəng gövdəli palıda, qayalara, dağ çaylarına, şəlalələrə qədər, dağlar silsiləsinəcən, dağ çaylarında kürü tökən qızılı balıqlara qədər hər şey – küll halında təbiətdən ibarət olan hər şey insaniləşdirilib.

Qabil

Yeniliyi dolaşıqlıqda, qeyri-müəyyənlikdə, abstraksiyada deyil, aydınlıqda, müəyyənlikdə və real həyatda axtarmaq lazımdır. Sən bu yolun yolçususan. Sənə bu yolda daha böyük uğurlar diləyirəm.

Bəxtiyar Vahabzadə

Bir həqiqəti açmaq istərdim. Musa Yaqubun poeziyasını araşdıranda mübaliğəsiz deyərdim ki, ölüb-dirilirdim: Özümün ömrüm, taleyim yaddaşımda təzədən doğulurdu, gah baharlaşırdım, gah da qışın ayazında donurdum. Uşaqlığımı, yeniyetməliyimi, gəncliyimi və nəhayət, payıza tələsdiyimi yaşayırdım. Bəzən gözlərim dolurdu, həqiqətənmi bir gün insan hər şeyini itirir, quru budağa dönüb kimsəsizləşir? Təbiət nəyi veribsə, sən demə, nisyə imiş, alıb aparırmış. Heyif, cavanlığımızda bu sirri anlamamışıq.

Allahverdi Eminov

Musa Yaqubun şeirlərini oxuduqca hiss edirəm ki, müəllifdə təbiəti müşahidə etmək, onun hər incəliyinə varmaq bacarığı çox güclüdür.

Budaq Budaqov

Poeziya tariximizin xüsusi bir mərhələsi olan 60-cılar arasında Musa Yaqub ilkin tanıdıqlarımdandır. O vaxtlar “təbiət şairi” kimi bilmirəm böyüdülən və ya kiçildilən Musa Yaqub mənim nəzərimdə həmişə həyatın sehrli bir parçası olub. Heç kimə bənzəməyən, heç nə istəməyən, gözü tox, halal, öz taleyini yaşayan, pıçıltı ilə, amma zəlzələ gücü ilə danışan: mamırlanmış qaya, ildırım vurmuş ağac, yonqarsız kötük. Böyük Qafqazın misilsiz təbiətindən bir parça… Şeirinə, sözünə Musa Yaqub qədər oxşayan bir şair, bir insan tapmaq çətindir. Buna görə də nə yazıbsa, nə deyibsə özünündür, yəni bənzərsizdir.

Sabir Rüstəmxanlı

Musa Yaqub zahirən bir qaya parçasına oxşayır, ürəyi gül ləçəyi qədər zərif olan Musa Yaqub mənən də, cismən də təbiətin bir parçasıdır ki var. Mənim Musa Yaqub haqqında dördlüyümdə deyilir: Musa Yaqub şeirimizin Səttar Bəhlulzadəsi, Sərrast Bəhlulzadəsi, Əttar Bəhlulzadəsidir.

Qabil

Təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyət Musa Yaqubun yaradıcılığında qüvvətlidir. Onun şeirlərində insanla təbiətin qarşılıqlı ünsiyyəti poetik dillə mənalandırılır.

Tuncer Gülensoy

Doktor, Professor, Fırat Universiteti Sosial Bilimlər İnstitutunun müdiri
Musa sanki dağdan qopan canlı qayadır. Dağ təbiətini həm üzündə-gözündə, həm də içində gəzdirən, oturuşu-duruşu, yerişilə sezdirən və sevdirən şairdir. Şeirlərindəki saflıq, büllurluq, təbiilik doğulub boya-başa çatdığı, yaşadığı yerlərlə bağlıdır. Səsli-sədalı misraları coşqun çaylardan baş alır, çağlar bulaqlardan süzülüb gəlir, ruhu oxşayır, ürəyi xoş duyğularla doldurur, adamı qanadlandırır, riqqətə gətirir. Şeirləri tutumludur, doludur, rəng-rəng, çalar-çalardır.

Ələkbər Salahzadə

Musa Yaqub təbiətə heç vaxt yalnız təbiət kimi baxmayıb. Onun bütün təbiət şeirləri onun öz insan, şair təbiətini və bütövlükdə cəmiyyətin halını göstərmək üçün vasitə olub, lakin onun son illər yazdığı şeirlərdə bu cəhət daha da qabarıb, daha dərin və ardıcıl bir poetik xəttə çevrilib, daha dərin bədii və fəlsəfi mahiyyət qazanıb.
Sabir Rüstəmxanlı
Musa Yaqub üçün təbiət ən böyük mövzu, ən qüdrətli həyat iksiri, ən tükənməz və ən biçimli metaforadır.

Nazif Qəhrəmanlı

Musa Yaqub yaradıcılığı dərin və dupduru dəryadır, orda yalnız su pəriləri üzür, arabir üzə çıxır, bir udum hava alır, günəşin istisini içərisinə çəkir və ümmana qarışır. Bu dərya qurumur, əksinə, ilbəil aşıb-daşır, durulaşır və şeir pıçıldayır mələklərin dilində.

Allahverdi Eminov

Musa Yaqubun istedadı qayaların köksündən car olan bulaqlara bənzəyir. Bu dumduru bulaqlar ürəklərə sərinlik gətirir. Musa Yaqubun qəlbindən qopan şeirlər ürəklərə yol alır, ürəklərdə yuvalanır, yurd salır.
Şeirləri öz ritmini, ahəngini bulaqların həzin zümzüməsindən, çayların coşqun səsindən, ildırımlı göylərin nərəsindən alıb. Onun poeziyasında təbiət dilə gəlir, səslənir, danışır, oxuyur. Ona görə də belə təbiidir, səmimidir, ürəyəyatandır, dillər əzbəridir Musa Yaqub şeirləri.

Nahid Hacızadə

Musa Yaqubun şeirlərində musiqi ahəngi duyulur. Könülləri oxşayan həzin musiqi. Bu ahəng, bu ritm insanın qəlbinə, ruhuna hopur. Qəlbimizə yayılan meşələrin, dağların, dərələrin ehtizazlı nəğməsidir. Şair tərəfindən ustalıqla əridilərək misraların canına hopmuş bir nəğmə.
Musa Yaqubun təbiət lirikası Azərbaycan təbiətinin ensiklopediyasıdır desək, yanılmarıq.

Günay Qarayeva

Tanrı Musa Yaquba sevən, əzab çəkən bir ürək bəxş edib. Əgər Musanın sevgi şeirlərinə huşyar gözü ilə baxsaq, təbiət şeirlərindəki o saflığı, o duruluğu bu şeirlərində də görə bilərik. Bəzən M.Yaqub poeziyasından söz açanda vurğu – başlıca diqqət təbiət lirikası üzərinə yönəldiyindən sevgi şeirləri unudulur. Mən deyərdim, bu şeirlərə ayrıca, xüsusi bir bölmədə deyil, elə təbiət lirikası daxılındə yanaşılmalıdır.

Vaqif Yusifli

Ölüm haqqında çox yazırlar. Amma Musa bunu da çox insani, əsl xalq əxlaqı və ənənələrinə uyğun ifadə edir:
Mən gərək Fərmanla, İsa, İsiylə
Mən gərək Eldarla çıxıb gedəydim.
“Ölüb gedəydim” də deyən olardı. Amma təbiətə bu qədər bağlı adam üçün ölüm – son deyil, çiyinlərdə aparılmaq deyil, getməkdir. O bu dünyadan yorulub, işini yarımçıq qoyub, Əzrayılın iradəsi ilə yox, öz iradənlə bu dünyadan başqa bir dünyaya çıxıb getməkdir.

Sabir Rüstəmxanlı

Şair var ki, öz işığını ancaq daxilində saxlayır və heç kəsi ona şərik qoşmaq istəmir. Musa isə fərqli şəxsiyyətdir, zərrəcə sevinc payını da insanlarla bölüşməyi bacarır, qəlb açıqlığı, ürək genişliyi onu hamının sevimlisinə çevirib. Musa Yaqubun ədəbiyyatımızda yeri elə özünün böyük, işıqlı ürəyi boydadır…

Ağacəfər Həsənli

Daxili təmizlikdən doğan etiraf, ürəyin işığından ayrılan saflıq “Bir günah sənindir, bir günah mənim” şeirinə bir istilik və hərarət gətirir. Musa Yaquba görə mənəvi dəyərlərə yeganə meyar – vicdan tərəzisidir. Bu tərəzinin bir gözü əyiləndə haqq itir, halalla haramın yeri dəyişir:
Bir gözün sən əydin, bir gözünü mən
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindi, bir günah mənim.

Mürşüd Məmmədli

Dağlar İsmayıllının qranitdən, sal qayalardan bitib ucalmış heykəlidirsə, Musa Yaqubun şeirləri İsmayıllının o qranit qayalar qədər siqlətli sözdən bitib ucalmış abidəsidir. Bu abidənin möcüzəsi ondadı.

Əli Həsənli

Musa təbiətin saflığı, müqəddəsliyi ilə təmiz insanlar arasında bir doğmalıq görür. İnsandan söz açanda onu təbiət kimi saf olmağa çağırır. Bu tipli şeirlər onun poeziyasında insan-təbiət paralelini yaradır, belə məqamlarda insanla təbiət sanki vəhdət təşkil edir. Əslində onun şeirlərində təbiətlə cəmiyyət qovuşuqdur. Musa təbiətə baxıb cəmiyyət haqqında düşünür, yaxud cəmiyyət hadisələri haqqında mülahizə yürüdəndə təbiət onun köməyinə gəlir.

Vaqif Yusifli

Nə yaxşı ki, İsmayıllıda bir Buynuz kəndi və orda da Musa Yaqub ocağı var! Bu ocaq bu gün Azərbaycanın hər yerindən görünür və istisini Vətənimizin hər yerinə yayır.

Sabir Rüstəmxanlı

Musa Yaqub ilkin körpə paklığını öz içində qoruyub saxlayıb. O, 68 ildir ki, daxilindəki pak, məsum körpənin qulluğunda dayana-dayana şeir yazır. Özünün dediyi kimi “bir az da sadəlövh uşaq kimi…”dir. O, içindəki körpə uşaqla əl-ələ verib o uşağın gözündən dünyaya boylana-boylana qalıb. Bu mənada dünyada uşağın uşaq qayğısını çəkməkdən gözəl və uca heç nə yoxdur. Ən qəribəsi isə budur ki, uşaqlar özlərini heç uşaq hiss eləmirlər, bu böyüklərin borcudur. Musa Yaqub isə 68 yaşında da öz körpəliyini hiss edib dilinə də gətirib – bu əsl möcüzədir – Musa Yaqub möcüzəsi… 68 yaşlı uşağın möcüzəsi.

Seyran Səxavət

Boynuna diri ilan sal, qəlbi deməyəni dilinə gətirməz, boğazdan yuxarı söz deyib, nəyinsə naminə qələm götürməz. Musa Yaqub insan kimi də, şəxsiyyət kimi də bütövdür, əyilməzdir. Onu sındırmaq çətindir. O, bütün vəziyyətlərdə özü olaraq qalmağı bacaran mərd-mərdanə bir insandır. El arasında deyildiyi kimi: “Dost olmalı, arxa çevirməli adamdır”.

Nahid Hacızadə

Musa Yaqub poeziyasını zahiri çalarlarına görə qiymətləndirmək çətindir. Çünki onun poetik fəaliyyəti ilk növbədə şeirlərinin ruhunda, mayasında, gizli daxili qatlarındadır. Musa Yaqub səssiz yaşantılar şairidir. Onun şeirləri hay-küyçülükdən, ritorikadan çox-çox uzaqdır.

Vaqif Sultanlı

O, Azərbaycan təbiətinin antik gözəllik məbədində – Buynuzda dünyaya göz açıb. Bəlkə də Musa Yaqubun şərin çeşidli təzahürlərinə “buynuz göstərməsi” də kəndin tarixin o başından gələn elat-əcdad ruhunun ərşə meydan oxuduğu çağları ilə bağlıdır?
Biz Musa Yaqubun poeziyası və şəxsiyyəti haqqında gurultulu epitetlər işlətmək fikrindən vaz keçdik. Düşündük ki, dağın, dağdağan ağacının, palıdın, göy qurşağının tərifə nə ehtiyacı var.

Mürşüd Məmmədli

O, ülvi hisslər, müqəddəs duyğular, böyük amallar şairidir. Musa Yaqubun yaradıcılığını bütöv kimi götürsək, görərik onun baş mövzusu Vətəndi – Azərbaycandı. O, Vətənin oduna yanan, Vətən adını ürəyinin başına yazan, xalqı ilə bir gülüb, bir ağlayan söz ustasıdır. Bu əzəli, əbədi müqəddəs mövzu onun yaradıcılığından göy qurşağı kimi işıqlı bir yol salıb. Şeirlərindən başlanan bu yol poemalarında daha da şaxələnib, qol-budaq atıb.

Nahid Hacızadə

Musa Yaqubun “Bir günah sənin, bir günah mənim” adlı şeirində dünyada mizan-tərəzinin pozulmasından, nəfsin ayaq açıb yeriməsindən, insanların yalnız “dolanışa nigah olmasından”, giley-güzar ifadə olunur. Müəllif günahı kənarda, başqalarında deyil, öz içimizdə, varlığımızda, əxlaqımızda axtarır.

Vaqif Sultanlı

Musa Yaqub poeziyası adama elə gəlir ki, haçansa təbiətin üzvi bir parçası kimi ondan ayrılıb və bu proses ona görə baş verib ki, insanla təbiət arasındakı əbədi harmoniyanı, poetik qovuşağı vəsf etsin, bütövlüyə, ilkinliyə çağırsın.

Cavanşir Yusifli

Möhtərəm Musa Yaqub!
Siz XX əsr və XXI əsrin ən möhtəşəm Türk şairlərindənsiniz. Bunu rahatlıqla qəbul edin, lütfən!

Elçin Səlcuq

Musa, vicdanından əlhəzardasan,
Bu ovqat necə də mənə tanışdır.
Bizim qəlbimizi ağrıdan vicdan
Umulan kəsləri ağrıtmamışdır.

Bəxtiyar Vahabzadə

Nə sən şair olardın, nə mən ana vətənsiz,
Xoş günlər keçirmisən dağlar qoynunda mənsiz.
Gözəlliklər aləmi qəribsəməzmi sənsiz?
Ələsgərin sazını kimə tapşırıb gəldin,
Sazının avazını kimə tapşırıb gəldin?

Süleyman Rüstəm

Daxması saraydı,
Şeiri taci-taxt,
Qisməti şairə belə verib baxt.
Ürəyin dağlarda sıxılsa nə vaxt,
Sən qələmə yapış, şeirə arxalan,
Gündə milyon dəfə boşalıb dolan
Ürəyin şeirlə döyünür Musa!
Dünya yoxsullaşar şeir olmasa.

Mirvarid Dilbazi

Tale sənin düşərgəni döndərir,
İki günlük biz tərəfə göndərir.
Sənin dağsız, dağın sənsiz günləri
Sən yazıqsan, dağ yazıqdı bilmədim.

Sabir Rüstəmxanlı

Şair, qayalara, dağlara söykən,
Mənim də arzumu sən yaşat barı
Özülsüz şöhrətlər uçurub tökən
Zamana bənzəyən dağ gurşadları
Min il də göz yumub açsa ağzını
Yuya bilməyəcək daş xınasını.
Bu dağlar özəyi, özülü möhkəm,
Şair qayalara, dağlara söykən!

Məmməd Araz

Acı deyil şan-şöhrətin, ad-sanın,
Dalğasıdır söz adlanan dəryanın.
Bir gözütox balasıdı Şirvanın,
Öz yurduna, öz elinə bənzəyir.

Zəlimxan Yaqub

Bircə qarışlıqda zülməti qırıb
Bir şırım qar tutub dağ yarğanını.
Sanki çadrasını ildırım cırıb
Pambığı çıxıbdır daş yorğanının;
Çaylar qaranlıqda bəyaz küçələr,
Dağlar çox qəribə olur gecələr.

Zülfüqar Şahsevənli

Şeiri şeir edən
təbiətin əlidir.
Bir də təbiət dili –
Musa Yaqub dilidir…

Xanəli Kərimli

QEYD: Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” adlı məşhur şeirinə 60-a yaxın nəzirələr yazılıb. Onların bəzilərindən hissələri də bu bölümə əlavə edirik:

Musa Yaqub, gözü yolda Təbrizin
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.

Məmməd Araz

Arzu sonsuz, ömür qısa, gün qısa,
Nahaq yerdən qoy batmasın göz yaşa,
Daş ürəkli insafsızlar olmasa
Bu dünyanın qara daşı göyərər.

Şahmar Əkbərzadə

Yağış Əsli, torpaq Kərəm,
Çiçəklənsin dağım dərəm,
Qara daşı göyərdərəm,
Səp məni toxum yerinə.

Zəlimxan Yaqub

Mən Arazda şaxələnən çinardım,
Ömür boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım –
Məmməd Araz karandaşı göyərdi.

Məmməd Araz

Səbirlidir igidimiz, mərdimiz,
Qismətimiz kif bağlayıb tələdə,
Zaman-zaman çiçək açıb dərdimiz,
Ümidimiz göyərməyib hələ də.

İsmayıl Öməroğlu

Təpərini taleyimə açar san,
Tilsimləri kamalınla açarsan.
Ağlar gözü güldürməyi bacarsan
Bu dünyanın qara daşı göyərər.

Şahmar Əkbərzadə

Əritməsin səni şair el dərdi
Yadındamı bir vaxt sevgin gülərdi.
Qara daşım, qara qayam göyərdi
Musa deyən qara daşdan xəbər yox.

Şahməmməd Şahməmmədoğlu

Musa Yaqub, Məmməd Araz, el nurum,
Müqayisə təbiətdə bir durum,
Qaranlıqdı, qara daşlar göz nurum,
Qara daşdan şəfəq umma, göyərməz.

Gündüz Cəlilov

Bir qazandı Musa Yaqub qaynadıb,
Çox şairlər bu qazannan pay dadıb,
Eşitmişəm Pünhanı da oynadıb.
Bu dünyanın qara daşı göyərməz.

Taleh Elsevən

Dağın başında bir qoca
Gözləyir ki, daş göyərə…
Bu daşdan daş göyərməsə
Bəlkə də bir baş göyərə
Gözləyir ki, daş göyərə

Sərvər Şahbəyli

Mən ustad görmüşəm, ömür sözlərim
Çayda balıq kimi yan gedən deyil.
Ey düşünən başım, görən gözlərim
Sən belə şairin önündə əyil.

Şövkət Hicran İmamlı

Boz ip tutum o bağbanın boyuna,
Yaman salıb oğulları oyuna.
Nə qatıbdı suvaranda suyuna
Safından çox çürük, saxta göyərib.

Mürvət Qədimoğlu

O qara daş göyərməsə yaxşıdır,
Daş özü də təbiətin naxşıdı,
Tanrı bilir nə pisdi, nə yaxşıdı
Göyərməsin qara daşı dünyanın.

Mahirə Nağıqızı

Bu dünyanın qara daşı göyərər,
Bu millətin qan yaddaşı göyərməz.
Kimə qaldı Süsən, Hərmuz, Əyilməz –
Səni xaraba qal, a belə dünya.
Sevi Sevdimalıyev, müəllim, Qubadlı qaçqını
Dünyanın başı yara,
Demişlər yoxdur çarə,
Deyirsən ki, daş qara –
Göyərmirsə yara baş,
Göyərərmi qara daş?

Tamam Nur Qarayev