Musa Yaqub: “Kötüyün üstündə araq içirdik”

“Səməd Vurğunun təsirindən 21 ilə çıxdım”

Kulis.Az məşhur şair Musa Yaqubun müsahibəsini təqdim edir.

– Musa müəllim, bir az özünüz haqqında məlumat verərdiniz…

– 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşam. O vaxt kəndimiz çox da böyük deyildi.

– Kəndin əhalisinin sayı nə qədər olardı?

– Əhalisi az idi. O zaman 20-25 ev olardı. İndi 200-dən çox olar. Kəndimiz çox gözəl yerdədir. Buynuz haqda deyim ki, Buynuzun əvvəl adı Şenol olub. Sonradan Buynuz adlandırıblar. Kəndin Buynuz adlandırılmasını belə izah edirlər ki, doğurdan da Göyçay çayı tərəfindən aşağıdan baxanda kənd, Camalı dağı, bir də o biri nəhəng dağ şəklinə görə buynuza oxşayırlar. İsmayıllıda, daha doğrusu Şirvanda hər şeyə coğrafi mövqeyinə, coğrafi görünüşünə görə ad qoyurlar. Buynuz da adını o dağdan alıb. Ancaq zəlzələşünaslar başqa şey deyirlər. Yerin altında həmişə zəlzələ buynuzları olur. Mifologiyada belə bir deyim var ki, öküz buynuzunu yerin altında oynadanda zəlzələ olur. Bunun da yəqin elmi əsası olub. Doğurdan yerin altında zəlzələ buynuzları var, çoxdur. Bəlkə də ona görə kəndimizin adını Buynuz qoyublar.

– Orta məktəbi də kənddə oxumusunuz?

– Kəndimizdə ibtidai məktəbin birinci sinfinə getmişəm. Uşaq az olduğundan birdən-birə birinci sinifdən üçüncü sinfə keçdim. Həm də babat oxuyurdum. O zaman bizim kənddə məktəb yeddiillik olmadığı üçün qonşu Topçu kənd yeddiillik orta məktəbinə gedirdim. 12-13 yaşlı balaca uşaqlar düz 7 kilometr qarda, yağışda gedib-gəlirdik. Bu bizə ləzzət edirdi. Yönlü paltarımız, ayaqqabımız belə yox idi. Ağır müharibə dövrü təzə qurtarmışdı. Çətin idi. Topçu kəndi orta məktəbini tərifnamə ilə qurtardığım üçün Göyçay Pedaqoji Texnikumuna oxumağa göndərdilər. Göyçay Pedaqoji Texnikumu o vaxtlar ibtidai məktəblər üçün güclü müəllim kadrları hazırlayırdı. Məktəbi 1953-cü ildə bitirmişdim. 1957-ci ildə isə Texnikumunu bitirdim. Bir il sonra universitetin jurnalistikasına sənəd verdim. Bütün üç alanlar imtahandan keçdilər. Biz dörd-beş alanlar kəsildik. Ancaq 1961-ci ildə Universitetin filologiya fakültəsində qiyabi təhsil aldım. Universiteti 1967-ci ildə bitirdim. Həm oxumuşam, həm də o illər ərzində dərs demişəm. Çətin olsa da fərəhli, həvəsli vaxtlarım idi. 1958-ci ildən müəllim işlədim. Bir il kəndimizdən kənarda, daha sonra Buynuz kənd orta məktəbinə müəllim göndərildim. Məktəb səkkizillik olanda məktəbin direktoru olmuşam. Kəndimizdə düz 17 il müəllim işləmişəm.

– Nə vaxt çap olunmağa başladınız?

– Topçuda, altıncı sinifdə oxuyanda balaca cızma-qaralar edirdim. Oxuduqlarımı nəzmə çəkirdim. Bunlar təbii ki, şeir deyildi. Göyçay Texnikumunun üçüncü kursunda oxuduğum zamandan şeirlər yazmağa başladım. O vaxt teknikuma bir çox artistlər gəlmişdi. O zaman bədii qiraət də dedilər. Mənim ən böyük xeyirxahım, mənə ən böyük köməyi edən adam Məmməd Araz olub.

– Gələn artistlər kimlər idi?

– Ancaq Müxlis Qənizadə yadımda qalıb, digərlərinin adını unutmuşam.

– Yəqin Səməd Vurğunun şeirinin təsiri ilə yazmağa başladınız…

– Səməd Vurğunun şeiri mənim üçün qığılcım oldu. O şeiri eşitməmişdim heç vaxt.

– O zaman Səməd Vurğun sağ idi?

– Yox, Səməd Vurğun 1956-cı ildə rəhmətə getmişdi. Onun “Çiçək” kitabçası çıxmışdı. Yaradıcılığı ilə maraqlanırdıq. Əli Kərimin “İlk simfoniya” poemasını da o zaman oxumuşam. “Azərbaycan” jurnalını alırdım, çox çətin idi. Ədəbiyyatla maraqlanırdım və özüm də xırda-xırda “Ana vətən”, “Ana”, bu tipli şeirlər yazırdım. Şeirlərim rayon qəzeti “Qalibiyyət bayrağı”nda çap olunurdu.

– Siz Göyçayda təhsil almısınız. Şair Əli Kərim də əslən göyçaylıdır. Təhsil müddətində Əli Kərimlə tanışlığınız olmuşdumu?

– O vaxt Əli Kərimi tanımırdım. Eşitmişdim ki, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuyur. İsgəndər Coşqunla rayona gəlmişdilər. Klubun ətrafına yığışıb, uzaqdan-uzağa Əli Kərimə baxdıq. Onlara çox böyük həsrətlə baxırdıq. Onların böyüklüyündən danışırdıq. Sonra məni tədbirlərə aparırdılar, şeirlər deyirdim. O vaxt belə məsələlər dəbdə idi. 1957-ci ildə məktəbi bitirəndə “İki qəlb, iki dünya” adlı poema yazmağa başladım. 1957-ci ildə Moskvada Ümumdünya gənclərinin Ümumittifaq Festivalı keçirilirdi və ora dünyanın hər yerindən gənclər gəlirdi. Özümdən fantaziya düzəltdim ki, Bakıdan bir tarzən, Təbrizdən də Gülşən adlı nəğməkar Moskvaya gedib, orda görüşürlər və bunların arasında sevgi-məhəbbət yaşanır. Oğlan tar çalanda qızın, qız oxuyanda oğlanın xoşuna gəlir. Moskvadan qayıtdıqdan sonra da bir-birlərini axtarmağa başlayırlar. Hiss və düşüncələr nəticəsində yavaş-yavaş bu poema yarandı. “İki qəlb, iki dünya” poemasını tamamladıqdan sonra Məmməd Rahimə göndərdim. Məmməd Rahim mənə cavab yazmışdı və bəzi qeydlər etmişdi. Onun qeydlərini nəzərə alıb, poemanı yenidən işlədim və göndərdim Məmməd Rahimə. Məmməd poemanı komsomolun mərkəzi komitəsinə göndərib ki, bununla məşğul olun, cavan oğlandır kömək etmək lazımdır. Birinci dəfə Bakıya gələndə “Azərbaycan gəncləri” qəzetinin redaksiyasını çətinliklə tapmışdım. Poemanı bir dəfə itirdilər. İkinci dəfə yenə gəldim. Cəmil Əlibəyov məsul katib, Şamil Xurşud şöbə müdiri idi. Cəmilgil dedilər ki, baxarıq, həll olunar. Mən də rayona qayıtdım. 1959-cu il mart ayının dörd nömrəsində poemanı dalbadal çap etdilər. Qəribə idi ki, hələ bir şeirim də çap olunmamışdı. Son nəşr olunmuş kitabıma ilk dəfədir ki, bu poemanı daxil etmişəm. Mənim zülmüm elə bu poemadan sonra başladı.

– Niyə?

– Ona görə ki, köhnə ənənə ilə yazılmış poema idi. Poemadan sonra iki il yazdım-pozdum, bəyənmədilər, dedilər bunlar şeir deyil. Şeirlərim də çap olunmadı. Mən özüm də o məqama çatmamışdım. Bilmirdim ki, hələ poeziya nə olan şeydir. Birdən-birə üzümü tutdum təbiətə.

– “İki qəlb, iki dünya” poemanızda Səməd Vurğunun çox güclü təsiri hiss olunur…

– Səməd Vurğunun, Osman Sarıvəllinin təsiri olub, bunu dana bilmərəm. Əslində təqlid etməkdən başladım. Üzümü təbiətə tutandan sonra bildim ki, poeziya nədir. Sonra yavaş-yavaş müəyyən şeirlər yaranmağa başladı. Bakıya gələndən sonra dostlar, qardaşlar məni qarşılayıb, çox böyük köməklik etdilər. Poema çap olunandan sonra dedilər səni İsmayıllının Maarif müdiri çağırıb. Poemanın sonunda informasiya vermişdilər ki, bu Minkə kənd məktəbinin müəllimidir. Onun da gözü kəlləsinə çıxıb ki, bu kimdir. Çağırıb yanına dedi “Ə, o poema sənindir?” Cavab verdim ki, bəli mənimdir. Dedi bəs bizə niyə deməmisən? Dedim nə bilim deməmişəm də (gülür). Sonra yavaş-yavaş tanımağa başladılar.

– Ondan sonra bir də nə vaxt çap olunmağa başladınız?

– Poemadan sonra iki il “Azərbaycan” jurnalında “Qayalar”, “Damla”, “Sarmaşıq” adlı şeirlərim çap edildi. “Azərbaycan” jurnalında imzam təsdiq olunandan sonra çap olunmuşam. O vaxt imzanı təsdiq etmək çox çətin idi. Doğurdan çox dəhşətli, ağır idi. Təbiətə müraciət edəndən sonra müəyyən şeirlərim yarandı. Mirzə İbrahimovun rəhbərliyi altında Yazıçılar İttifaqında şeir günləri keçirirdilər. Bir dəfə Yazıçılar İttifaqına gəldim. Həmin məclisi televiziya çəkirdi. Məclisi Qabil təşkil edirdi, Mirzə İbrahimov aparırdı. Bütün yazıçılar – cavanlar da, qocalar da yığılmışdılar. Qabil dedi ki, “Mirzə müəllim, Musa da gəlib, Musa da gəlib”. Mirzə müəllim də cavab verdi ki, “Ayə veriliş gedir, bəsdir”. Apardılar məni, zornan orda bir şeir dedim. Çox xoşlarına gəldi. Əl çaldılar, təriflədilər. Mirzə müəllim qalxıb ayağa dedi ki, “A bala, eşitdüz?” Dedilər ki, “Hə, Mirzə müəllim eşitdik”. Bu şeirə görə məni Yazıçılar İttifaqına işə götürdülər. Nəşriyyat şöbəsinin müdiri təyin olundum. Bu şeir mənə kömək oldu.

– Nəşriyyat şöbəsinə işə düzələn vaxt müəllim işiylə bağlı problem olmuşdu?

– Hə, bir balaca problem olmuşdu. Gördüm ki, Maarif Şöbəsi məni başa düşmür, mən də onları. Ziddiyyət yaranmışdı. Eyni zamanda dostlar deyirdi ki, gəlmək lazımdı. Bəlkə də tez gələrdim. O vaxt Süleyman Rəhimovun belə bir cümləsi gəlişimi yubatdı: “Ədəbiyyat adamları fərqi yoxdur kənddə, şəhərdə ədəbi ruhu yaşada bilirlərsə harada olmalarının elə də fərqi yoxdur”. Bir il onun sözünə görə rayonda qaldım (gülür).

– Ancaq Süleyman Rəhimov özü şəhərə gəlmişdi…

– Hə, özü gəlmişdi. Mən Bakıya gəlməmişdən əvvəl, rayonda olanda çoxlu dostlar, yoldaşlar – Əkrəm Əylisli, İsi Məlikzadə, Fikrət Qoca, Salahzadə komsomol xəttiylə İsmayıllıya gəlirdilər. Gələndə məni mütləq tapmalıydılar. Mən onlara demişdim ki, şəhərə gəlmək istəyirəm. Əkrəmlə Fikrət Mirzə müəllimə yalandan deyiblər ki, ay Mirzə müəllim, bir aydır ki, Musa ac-yalavac qalıb Bakının küçələrində. Yaxşı deyil, ona bir iş düzəltmək lazımdır. Mirzə müəllim də deyib ki, a bala, haradadırsa tez gəlsin. Mən də İsmayıllıdayam. Bakıya gələn kimi Mirzə müəllimin yanına getdim. Dedi ki, a bala, şeir demişdin, tanıyıram səni. Gəl çıx da bir aydır səni gözləyirəm (gülür). Vallah belə dedi. Dedi məni abırdan salıblar. 1973-cü ilin may ayından Yazıçılar İttifaqının nəşriyyat şöbəsinin müdiri təyin olundum. Texniki cəhətdən jurnalları təmin edirdik. Daha sonra məni Şüvəlan Yaradıcılıq Evinə direktor göndərdilər. Şüvəlan mənim üçün çox yaxşı, ləzzətli yer idi. Yay vaxtı, istidən dözə bilmirdim. Yaradıcılıq evində bir dəfə dedilər direktor hanı, direktor hanı, mən də yekə soyuducu var, girmişdim onun içinə. Deyirdim boğulum amma sərinlənim. Axtarıb soyuducuda tapdılar məni (gülür). Yazıçılar İttifaqına gələndən sonra dostlarım mənə çox kömək etdilər. Nahid Hacıyev televiziyaya çıxmaq üçün şərait yaradırdı. “Azərbaycan” radiosunda şeirlərimi götürüb, qonorar yazırdılar. Məmməd İsmayıl sənədli filmlərin direktoru idi. Arılar haqda bir ssenari yazdım. 600 manat qonorar yazdı mənə. Dostlar elə qayğıya bürüdülər ki, kirayə ev tapdım, ailəmi də gətirdim. Yaradıcı insanlar arasında mehriban ünsiyyət var idi. Yaxşı şeir çap olunanda, o şeir elə bil hamımızın idi. Əli Kərimin “Daş” şeiri belə şeirlərdən idi. Hələ də yadımdadır ki, “Ədəbiyyat” qəzetinin hansı səhifəsində çap olunmuşdu. Məşhurluqla deyil, şeirin özü də insana ləzzət etməlidir. Vilayət Rüstəmzadənin “Zəngli saat” şeiri yaxşı şeir idi. O vaxt yaxşı şeirlər hamının şərikli şeirləri hesab olunurdu. Hiyləgərlik, nə bilim bir-birinə badalaq gəlmələr yox idi.

– Siz tərifləyirsiniz, amma o biri yazıçılar şikayət edirlər ki, ayağımızın altını qazırdılar…

– Vallah, hamısı əfsanə söhbətdir. Deyirlər, sovet dönəmində ədəbiyyat yaranmayıb. Əşi, mən babat şeirlərimin hamısını o dövrdə yazmışam. Vallah mənə heç kəs deməyib ki, Lenin və yaxud da filankəs haqqında şeir yaz. Özün yazırdın, özün edirdin. Bircə problem o idi ki, kitabın çap olunanda, əvvəlinə Lenin, vətən haqqında şeir yazılmalı idi.

– Siz özünüz çətinliklə üzləşmişdiniz?

– Qətiyyən yox. Sadəcə baryerlər çox idi. Amma əsərlər KQB-dən, senzuradan çox çətin keçirdi. Mənim belə şeirim var idi: “Köhnə tərəzimiz elin gözü idi, onunla bölərdik yaxşı, pisi də. indi şey çəkilməz bu tərəzidə”. Tutmadılar bunu getdi. Ondan ötrü bu şeiri keçirdənə töhmət verdilər ki, necə yəni şey çəkilməz o tərəzidə. “Karusel” adlı bir şeirimə görə “Ədəbiyyat” qəzeti töhmət aldı.

– Orda nə yazmışdınız?

– O şeirdə boş yerə fırlanan yazılardan yazmışdım. “Qarağacların ölümü” adlı şeirimi də çap etmədilər. Şeirdə sətiraltı mənalar vardı, qorxurdular çap etməyə. Özü də burda KQB-nin də, senzuranın da işini redaktorların özü görürdü. Bilirdilər ki, kimin yazdığını seçmək lazımdır. İki il ”Azərbaycan” jurnalında şeir şöbəsinin müdiri olmuşam . Mən bilirdim artıq nələri vermək olar, nələri vermək olmaz. Yolda-izdə oxuyurdum, xoşuma gəlirdi, tərifləyirdim. Ancaq redaksiyaya gələndə deyirdim ki, bunu senzuradan keçirə bilməyəcəyəm, vəssalam.

– Bakıya gəldiyiniz illəri necə xatırlayırsınız? Ən çox kiminlə dostluq edirdiniz?

– Mənim üçün dostluq, yoldaşlıq etmək daha asan idi, ona görə ki, kənddə yaşayanda bütün yaradıcı insanlar – məndən böyüklər də, kiçiklər də kəndə gəliblər. Onlarla oturmuşam, durmuşam.

– Qonaqlıq vermisiniz…

– Qonaqlıq vermişəm, qonaqlıq almışam (gülür). Süfrə açmışıq, oturmuşuq. Doğmalaşmışıq. Qışda, qarda meşələrdə kötük axtarmışıq araq içməyə.

– Kötüyün üstündə içirdiniz arağı?

– Hə, o çox gözəl olur. Butulkanı qoyursan, rumkaları da düzürsən, elə bil bardır (gülür). Qarda ləzzət edir. İndi kənddəki evimdə daşdan stollarım var. Şeirlərimdə daş obrazları çoxdur. Bəlkə də daş obrazları o daş süfrələrdən gəlir.

– O daş süfrələrdə kimlərlə oturmusunuz?

– Kimlərlə oturmamışam ki… Qabil, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əkrəm Əylisli, Tofiq Bayram, İsi Məlikzadə. Qələm adamları, televiziya, radio işçiləri gələndə mən öz vəzifəmi yaxşı bilirdim. Düzünü deyim ki, qonaqları hər zaman restorana aparmaq gücüm yox idi. Kapotüstü deyirdik. “UAZ” maşınım vardı. Maşının kapotunun üstündə vurandan sonra mehribanlaşırdıq, şeir yada düşürdü. Mübahisələr edirdik.

– Ən yaxşı kim araq içirdi?

– Bəlkə də hardasa bir ölkəsi var
Süzün araqları, qurtarın gedək
Ayılmaq, ayılmaq təhlükəsi var

Rəhmətlik Tofiq Bayram yaxşı içirdi. Elə içirdi ki, heç ayılmırdı. Əkrəm az içirdi. Yoldaşların əksəriyyəti içirdilər. İçməyən də bizimlə içmək istəyirdi. Bir dəfə maraqlı hadisə yaşandı. Bir nəfər gözümüzdən yayınıb, arağı kənara atdı. Tez tutdum qolundan, dedim bərəkətdir, içmirsən içmə, kənara niyə atırsan? Adam da arağı atar?!

– Həmin adam kim idi?

– Yadımda qalmayıb, yoldaşlardan biri idi. Qabilin özü də yaxşı içirdi. Sabir Rüstəmxanlı məni görən kimi deyirdi ki, neçə vaxtdır içmirəm, ancaq səni görəndə içmək istəyirəm (gülür).

– 1973-cü ildən Bakıda qaldınız?

– 1973-cü ildə artıq Bakıda yaşayırdım. Beş il Bakıda işlədim. Qəşəm Aslanov, allah ona rəhmət eləsin, bizim böyük ziyalımız İsmayıllıya katib getdi. Mən də bir dəfə məzuniyyətdə İsmayıllıya getmişdim. O vaxt Qəşəm Aslanovla görüşdüm. O da yazı adamı idi.

– O nə yazırdı?
– Şeirlər, hekayələr yazırdı. Gözəl ədəbi zövqü var idi. Ona bircə kəlmə söz dedim ki, bilsəydim ki, sən bura sən gəlirsən, mən heç Bakıya getməzdim. Başqa bir kəlmə də söz olmadı. Sonra dedilər ki, səni Mərkəzi Komitəyə çağırırlar. Dedim a kişi, mən hara, mərkəzi komitə hara. Yazıçılar İttifaqının sədri İmran Qasımov idi. Mərkəzi Komitəyə getdim, dedilər sən bir rayona gedib, Qəşəm müəllimlə görüş. Vaxt tapıb, getdim rayona. Qəşəm müəllim dedi ki, Musa belə bir fikrim var ki, sən rayon qəzetinə baş redaktor gətirim. Nə deyirsən? Dedim vallah nə deyim. O vaxt rayon qəzetinin redaktoru işləmək insandan böyük məsuliyyət tələb edirdi. Bu vəzifəni Mərkəzi Komitə təsdiq edirdi. Yaradıcı iş olduğu üçün razılaşdım. İnanın katib aparsaydılar getməzdim. Rəhmətlik İsmayıl Şıxlı “Azərbaycan” jurnalından istefa verib, getdi. O vaxt istefa mədəniyyəti vardı. O gedəndən sonra Əkrəm Əylisli gəldi onun yerinə. Qabil müavin idi, bildi ki, Əkrəm gəlir, Əkrəmlə işləyə bilməyəcək, o da istefa verib, getdi. Əkrəm məni çağırıb dedi ki, sənin haqqında başqa bir fikrim var ha. Möhkəm dayan orda. Mən də dedim ki, Əkrəm burda qala bilməyəcəyəm. Əkrəm bu sözümdən incidi. Dedi ki, İmran Qasımova deyim, səni hansısa şöbəyə rəhbər, ya müavin gətirsin. Mən də rayon qəzetinin baş redaktoru vəzifəsinə razılaşmışdım. Əkrəm incidi ki, mən gələn kimi sən də gedirsən. 1978-ci ildə baş redaktor kimi çalışmağa başladım. Redaktorun işi olduqca çətin idi. İlk vaxtlar redaktor vəzifəsində sıxılırdım. Gözüm saatda qalmışdı. Saat altını gözləyirdim, altı olan kimi çıxıb gedirdim. Bir dəfə dostlarla yeyib-içirdik. Dedilər ki, səni büroya çağırırlar. Maşın göndərmişdilər, əyləşib getdim. Gördüm ki, Qəşəm müəllim və rayon rəhbərliyi hamısı burdadır. Yer saxlamışdılar, əyləşdim. Başladı ki, “Həzi Aslanov” kolxozunda vəziyyət pisdir, qəzet də gedib heç ora baxmır, oradakı vəziyyətdən yazmır. Bilirdim ki, bu sözləri mənə vurur. Dedim ki, a kişi yazırdım da, qoydun ki, yazım. O vaxt katibə belə söz demək olmazdı. Bu sözü deyəndən sonra gülüş qopdu (gülür).

– Baş redaktor vəzifəsinin axırı necə oldu?

– 1995-ci ildə millət vəkili seçiləndən sonra yavaş-yavaş uzaqlaşdım redaktorluqdan. İndi rayonlarda qəzet heç çıxmır, rayon qəzetləri divar qəzetinə dönüb. 2000-ci ilə kimi əlaqəm vardı qəzetlə. İndi qeyri hökumət təşkilatında işləyirəm. İş də demək olmaz, yoldaş kimi əməkdaşlıq edirik. Daha filan vaxtı gəl, filan vaxtı get söhbəti yoxdur. İş qrafiki sərbəstdir. Söz Azadlığı Müdafiə fondunu yaratdıq. Ora Məmməd Nazimoğlunu gətirdim, birlikdə müəyyən işlər görürük. Artıq 8 ildir ki, ordayam.

– Bir şair kimi sizə o dövrdə ən çox təsir edən kim olub?

– Bizim hamımızın Səməd Vurğuna pərəstiş edirdik və çalışırdıq ki, ona oxşayaq. Onun şeirlərinin təsiri altında yazırdıq.

– O təsirdən dəqiq nə vaxt çıxdınız?

– Təxminən 70-ci ildə. Təbiətə üz tutandan sonra o təsirdən çıxdım.

– Yazdığınız şeirlər dövri mətbuatda tənqid olunurdumu?

– Təqdir çox olunub, tənqid çox az.

– Tənqid edənlər nə yazırdılar?

– Məsələn, şeirlərimdə insan amilinin az olmasını qabardırdılar. Təbiət amili elə insan amili idi. Sonra dedilər ki, Musa təbiət şairi deyil. Təbiət vasitəsilə fikrini, sözünü deyən adamdır. Mənim ən çox incidiyim bir şey olub ki, Elçin Əfəndiyev iki şeirim – “Yaşıl pərdələr” və “Cokonda”nı tənqid etmişdi. “Yaşıl pərdələr” şeirində yazmışdım ki, meşələrimizdə ağacları içəridə qırıb, töküblər. Qabaqda yaşıl pərdələri saxlayıblar ki, hər tərəf yaşıl görsənsin. Bir bu şeiri, bir də Cokondaya həsr etdiyim şeiri tənqid etmişdi ki, bunları məqalə formasında da yazmaq olardı. Cokondaya həsr etdiyim şeirə görə yazmışdı ki, onun zövqü aşağıdır, onun nə ixtiyarı var ki, Cokondaya girişir, onu mənalandırır. Onun qələminin zövqü, gücü çatmaz ki, bunu yazsın.

– Elçin sizi hansı mətbu orqanda tənqid etmişdi?

– “Azərbaycan” jurnalında yazmışdı. Mən də cavab yazdım ki, məni nəlbəkidə göyərtməyiblər. Cavab vermək istəmirdim. Daha çox “Cokondaya bu zövqdƏ adam niyə girişir” cümləsindən incimişdim. Sən şeirin özündən danış. “Ə, sən kimsən” demək istəyirdi. Bu çox incitdi məni.

– Elçin son kitabında yazıb ki, roman yazmaq üçün siz ona Talıstan kəndində ev tapmısınız.

– Elçin “Mahmud və Məryəm” əsərini İsmayıllıda, mən tapdığım evdə yazıb. Ümumiyyətlə, qələm əhli rayona gələn kimi raykom məni çağırıb tapşırırdı ki, bu insanlarla kömək et. Elçin də dedi ki, bir ay burda qalmaq istəyirəm. Talıstan kəndində Əlləzi kişinin evində ona şərait yratadım. Özüm də gedib-gəlirdim yanına. Onun tənqidini ürəyimə salmamışam. O qədər elə şeylər olub ki. Həm də Elçin məni tanımırdı. Özü də peşman olmuşdu. Cabir Novruz da ona demişdi ki, yetim oğlandı nə işin var onunla.

– Yazıçılar İttifaqına nə vaxt qəbul olunudunuz?

– 1970-ci ildə qəbul olmuşam. 42 ildir ki, üzvəm. İttifaqın həyətinə çatanda Əlağa Kürçaylı məni öpüb, qucaqladı. Dedi səni təbrik edirəm, Yazıçılar İttifaqına yekdilliklə qəbul olunan ilk şəxs olduğumu söylədi. Prezidiumda üzvlüyümə hamı razı olmuşdu.

– Zəmanət verənlər kim oldu?

– Əbülhəsən, Osman Sarıvəlli, üçüncüsü yadımdan çıxıb.

– Estetik planda sərbəst şeir yazanlar yəni Rəsul Rza və ənənəvi şeir Səməd Vurğun məktəbi arasında bir mübarizə gedib…

– 1965-ci ildə Zuğulbuda gənclərin bir həftəlik seminarı keçirildi.

– Bu Anarın müsahibədə danışdığı seminar idi?

– Hə, Anar da, Rəsul Rza da, Məmməd Rahim də o seminarda iştirak edirdilər. Mənim poemamı Məmməd təhlil edirdi və istəyirdi ki, orda çıxış edim.

– Məmməd Rahim Səməd Vurğunun tərəfində idi?

– Hə, o, Səməd Vurğunu müdafiə edirdi. Orda hərənin öz qrupu var idi. Ömrümdə birinci qeybətləri, hücumları orda görmüşəm. Bu hadisələrin içində olmadığım üçün İlyas Tapdıq məni aldatdı. Onun kəskin bir şeiri vardı, onu söylədim. Bilsəydim, heç deməzdim. Çıxış edib, söylədim ki, əsərdə bədiilik daha çox olmalıdır. Bizdə qızıləhmədi var, içində dəmir çoxdur, bir az qalan kimi qaralır. Şeirdə də tək dəmir olmamalıdır. Hər şeydən bir az olmalıdır. Biz şairlər də qalmışıq ortada. Niyə qruplaşma yaradırsınız dedim. İlyasın şeiri belə idi: “qalırsan mat, bilmirsən bu meydanda eşşək olasan, ya da at”.

– Eşşək kim idi at kim idi?

– Əslində nə Səməd Vurğun, nə də Rəsul Rza heç biri deyildi. Fikrətgil dedilər ki, sən niyə belə edirsən. Gördüm ki, mənimki bu meydanla tutmayacaq. Məmməd İsmayılı çağırıb, dedim ay Məmməd, bunlar mənim Buynuzumu ələ ala bilərlər? Dedi yox. Dedim onda mən getdim. İki gün sonra gəldim kəndə. İlyas özü qorxurdu oxumağa, bilirdi ki, avam mənəm, məni verdi qabağa. Çünki bu məsələləri bilmirdim. Rəsul Rza müəyyən münasibətilə, məsələn oktyabrın 7-də, poeziya günü keçirirdi. Mirzə müəllimin yanında, bütün yazıçılar, şairlər bir-bir Oktyabr inqilabı, Lenin haqqında bir-bir şeir deyirdilər. Qabil dedi ki, Musa sən də şeir oxu. Mən də “Bu dünyanın qara daşı göyərməz” şeirini oxudum. Şeir hələ çap olunmamışdı. Oxudum, içəri sükut çökdü. Bilmirdilər əl çalsınlar, ya yox. Rəsul Rza yerindən qalxıb dedi, əla şeirdi. Bundan sonra əl çalmağa başladılar. Qətiyyən heç bir tərəfdə olmamışam. Amma ədəbiyyat baxımından ənənəvi şeirin yanındayam. Sərbəst yazdığım şeirlərdə olub. Şeiri fərqi yoxdu gərək yaza biləsən. Davud Ordubadinin 18 kitabı çap olunub, amma bir misrası da yadda qalmayıb. İndi neyləyək? (gülür)

– Öz yaşıdlarınızdan Fikrət Qoca necə yaddaqalan olub?

– Fikrətin şair kimi ilk zamanlar yazdıqları yaxşı idi.

– Ramiz Rövşən necə bəs?

– Ramiz çox yaxşı şairdir. Niyə? Onda iki məktəbin də sintez var. Həm Səməd Vurğun, həm Rəsul Rza məktəbi və Ramiz Rövşənin özü. Şəxsən mən o vaxt, Ramizin də, Eldar Baxışın da şeirlərini “Azərbaycan” jurnalında çap etmək istəmişəm. Amma qoymadılar, qaldı orda. Əkrəmin xidməti bu oldu ki, onlar şeirlərini küçədə, orda-burda oxuyurdular, onları gətirdi birbaş “Azərbaycan” jurnalına.

– Əkrəm Əylisli kimləri çap etmirdi?

– Mirzə İbrahimovu, Əli Vəliyevi, Vidadi Babanlını.

– Vidadi Babanlını niyə?

– Zəif yazdığına görə. İsa Hüseynovun əsərləri qarşısında onlar çox zəif idilər. İsi Məlikzadə də həmçinin. İsi Məlikzadə çox istedadlı idi. Lotu, saf oğlan idi. Bir-birinə arxalanan yazıçılar yetişirdi. İnsanların meydana yığılmasını biz yazıçılar təmin edə bildik. “Azərbaycan” jurnalı 72 min nüsxə çıxırdı. “Azərbaycan” jurnalı indi heç nə olub. O vaxt oxuyurdular bizi.

– Xalq Şairi deyilsiniz, Anar da deyir Musa Yaqub Xalq Şairi olmalıdır.

– Vaqif Səmədoğlu 70 illiyimdə dedi ki, mən xəcalət çəkirəm ki, mən Xalq Şairiyəm, Musa Xalq Şairi deyil. Vaqif olanı dedi. Anar istəyə bilər, amma vermirlər. Ancaq hamı elə bilir ki, Xalq Şairiyəm. Fəxri ad kimi Xalq Şairi olmasam da, mən Xalqımın Şairiyəm.

Qan TURALI

Kənan HACI