Musa Yaqub: “..çox dəhşətə gəldim”

Söz də gərək tərk götürsün”

Pilotsuz təyyarədənsə, nifrəti azaldan, sevgini çoxaldan düsturları tapın”

Modern.az saytının “Sanballı qonaq” layihəsində jurnalist-publisist Nəzirməmməd Zöhrablının budəfəki müsahibi çağdaş Azərbaycan poeziyasının nəhəng siması, vətən, təbiət, məhəbbət, eləcə də ümumən sağlam insani münasibətlər yolçularının sevimli şairi Musa Yaqubdur. Qısaca anonsumuzdan sonra sizləri böyük şairin dünyəvi, humanist fikirləri ilə baş-başa buraxacağıq. İnanmırıq ki, yaşlı və orta nəsil arasında onu tanımayanlar tapılsın. Hər halda, gənc nəsil üçün zəmanəmizin sanballı ziyalı-şairi ilə tanışlıq:

Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və məktəb direktoru işləyib.

1967-1973-cü illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru kimi pedaqoji fəaliyyətini davam etdirib. Bakıya köçəndən sonra 1974-1978- ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun “Zəhmətkeş” qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayan Musa Yaqub Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərdə iştirak edib. 1979-cu ildə Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. Ədəbi fəaliyyətinə görə M.F.Axundov adına mükafata layiq görülüb.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2004-cü ildən Söz Azadlığını Müdafiə Fondunun sədridir.
Şairin Azərbaycanda və xaricdə ümumilikdə 17 kitabı işıq üzü görüb.

Şeir yaza bilmirəmsə…

Nəzirməmməd Zöhrablı:

– Müsahibələrinizdən birində Səməd Vurğunun təsirindən 21 ilə çıxdığınızı vurğulamısız… Bu dövrdə Səməd Vurğunun haləsindən çıxmaq mümkünsüz idimi?

Musa Yaqub:

– Biz elə məktəb illərində də, universitet illərində də Səməd Vurğundan öyrənə-öyrənə gedirdik. Bəlkə hələ də bu təsir yaradıcılığımızda özünü göstərir. O zaman dərsliklərimizin əsas mayasını elə Səməd Vurğunun şeirləri təşkil edirdi. “Ananın öyüdü”, “Dağlar” şeirləri, bir sözlə, Səməd Vurğun bizə elə bil ki, qanad verib, poeziya dünyasında uçmağı öyrədib.

– Təqlid etməmişdiniz …

– Eləmişəm bəlkə də. Əsl poeziyanın nə olduğunu hələ dərindən dərk eləmədiyim vaxtlarda təqlidi şeirlər çox yazmışam. Nədənsə o zaman çoxu istəyirdi şeir yazsın. Yeddinci sinifdə oxuyan Sabir adlı məktəbli Stalinə bir şeir yazmışdı:

Mən görsəydim onu,
Tutub qucaqlardım boynunu.

Nə isə, təxminən belə bir şeir yazmışdı. Bu şeir çap olunmuşdu. Bunu oxuyanda mən çox pis olmuşdum. Mən yaxşı oxuyan şagird olduğumdan hamı məni tərifləyirdi. Düşündüm ki, mən şeir yaza bilmirəmsə, onda oxumağım kimə lazımdı. Ona görə təqlidçi olaraq şeirlər yazmışam mən də.

– Yəni, o dövrdə şeir yaza bilməmək qəbahət sayılırdı, yoxsa ürəyinizdən gəlirdi və vadar eləyirdi ki, siz də yazasız?

– Yox, qəbahət sayılmırdı. Ürəyimdən gəlirdi yazmaq. Qırat, Bakı, Moskva haqqında uydurulmuş şeirlər yazırdım. Bunlar şeir deyildi. Amma yazırdım bunları. Göyçay Pedaqoji Texnikumunda oxuyanda Bakıdan tələbələrlə görüşə teatr kollektivinin gəlişi isə elə bil ki, mənim həyatımda yeni bir səhifənin başlanğıcına təkan verdi. Rəhmətlik aktyor Müxlis Cənizadə də orada idi. Onun Səməd Vurğunun “şair, nə tez qocaldın sən” şeirini necə məharətlə qiraət etdiyini görəndən sonra məndə şeir yazmaq həvəsi baş qaldırdı.

– Hansı şeiri yazdınız bundan ilhamlanıb?

– “Ana”, “Vətən” şeirlərini yazdım. Ancaq bunlar da çap olunan şeirlər deyildi.

– Yeniyetməlik dövrü idi. Bəlkə bunların içərisində sevgi şeirləri də vardı?

– (gülür) Yox, sevgi şeirləri sonra başladı. O sevgi şeirlərinin də heç biri dərc olunmayıb, çapa verə bilməmişəm. Onlar elə ilk mayadan boğuldu. Bəzilərini isə rayonda çıxan “Qalibiyyət bayrağı” qəzetində çap etdirmişəm. Deməyim budur ki, biz onda Səməd Vurğun poeziyasının əhatəsində var-gəl edirdik. Şəxsən mən. Ona görə də deyirəm ki, təkcə mən yox, hər kəs poeziyanı öyrəndiyi adama minnətdar olmalıdı.

– Amma yolunuz fərqli yoldu…

–  Yox. Mən məsələn “İki qəlb, iki dünya” poemasından sonra çox dəhşətə gəldim. Onda təzə fikirlər yaranırdı: ritorika, tərənnüm. Mən də poemanı bu tendensiya ilə əlaqədar yazmışdım. Poema bilirsiniz ki, böyük çətinliklər bahasına çap olundu (Müsahibim təkrarən demək istəməsə də, oxucular bilsin ki, şairin əlyazmasını Bakıda redaksiyada “itiriblər”. Özü də nə qədər qəribə səslənsə də, ədəbiyyat sahəsinin tanınmış isimləri… Sonra şair poemanı yaddaşının hesabına təzədən bərpa edib…– N.Z.). Bundan sonra bildim ki, poeziya nə olan şeymiş. Bu poema da Səməd Vurğunun poeziyasının təsiri altında ərsəyə gəlmişdi.

– Musa müəllim, sizin indiyədək heç yerdə rastlaşmadığım bir fikrinizi tutmuşam. Demisiniz ki, doğulduğunuz Buynuz kəndinin əvvəlki adı Şenol olub. Bunu əvvəlki müsahibələrinizdə nədənsə dilə gətirməmisiniz. Amma Azərbaycan oxucusu onsuz da başqa mövqedədi. Ona elə gəlir ki, Musa Yaqubun doğulduğu 1937-ci ilə qədər heç Buynuz kəndi olmayıb…

– Yox, onda Buynuz vardı. Yaşlılar, qocalar elə kəndimizə Şenol deyərdilər. O zaman Buynuz çox az – 19 evdən ibarət idi.

– Hamısı da sizinkilərlə bərabər Zəngdən köçüb gəlmişdilər?

– Yox, hərəsi bir yerdən gəlmişdilər. Bu kənd aranla dağın arasında – Babadağın aşağısında yerləşdiyindən buralar mal-qara saxlamaq üçün rahat yer olub deyə o insanlar burada məskunlaşmağa qərar veriblər.

– Sizi birinci sinifdən 3-cü sinfə keçiriblər. Buna istedadınız, qeyri-adi uşaq olmağınız, yoxsa doğrudan da şagird qıtlığı səbəb olmuşdu?

– Əvvəl fərqli uşaq olduğuma görə eləmişdilər bunu. Amma bunun əvəzini çıxdılar məndən. 4-cü sinifə keçəndə dedilər ki, yox 3-də uşaq azdı, məni endirdilər, 3-cü sinfi təzədən oxumalı oldum.

– Bir il irəli düşməyin sevincini yaşayarkən, hər şey tərsinə fırlandı…

– Bəli.

Buynuzda şeir yazan bir müəllim var

– Yetimliklə, arxasız böyüyən Musanın tanınmasına, ortaya çıxmasına həmkarları yardımçı olublar. Müsahibələrizdə demisiniz ki, Mirzə İbrahimov, Əkrəm Əylisli, Fikrət Qoca, Məmməd Rahim, Nahid Hacızadə kimi dost-tanışlar hətta azərbaycansayağı yanaşsaq iş tapmaqda belə sizə öz köməkliklərin əsirgəməyiblər. Onları bu xüsusda cəlb edən hansı keyfiyyətləriniz olurdu? Bunu sizə həm də ona görə xatırladıram ki, indi belə qayğıkeş dostlar tapmaq müşkül məsələdir…

– Bu dostlar məni birinci yaradıcılıq dövrümdə axtarıb tapmışdılar. Bu daha çox yaradıcılıqla bağlı idi. Mənim tanınmağımda xüsusi rol oynamışdı əsasən “İki qəlb, iki dünya” poemam. Ondan sonra bir müddət heç nə yazmasam da, özümü yaddaşlarda saxlaya bilmişdim bununla. Amma sonra ki üz tutdum təbiətə – meşələr, düşüncələr, bax bunlar oxucuları dəbərtdi. Yazı-pozu adamlarının da diqqətini çəkən bu idi.

– Yəni başqa şəxsi münasibətlər-filan heç bir rol oynamırdı…

– Yox-yox, qətiyyən. Hərdən Bakıya şeirlərimi çapa gətirəndə bəziləri ilə görüşürdüm. Şeirlər çap olunanda isə təbii ki oxuyurdular və bilirdilər ki, Buynuz kəndində şeir yazan, hələ şair olmasa da, yaradıcılıqla məşğul olan  belə bir müəllim var. İsmayıllıya komsomol xəttilə, ya başqa məqsədlə gələndə Buynuza can atıb mənimlə görüşmək istəyirdilər.

– Hələ heç qəzetdə də işləmirdiz. Bu hələ onlarla kötüyün üstündə araq içən vaxtlar deyildi…

– (gülür) Yox onda hələ müəllim idim. Amma hamısını hörmətlə qarşılayırdım,  yola salırdım.

Yazarların sadə bir kənd müəllimini axtarıb-tapmaları elə sənətə, poeziyaya verilən dəyər idi. Bu görüşlər ikinci mərhələdə – 60-cı illərdə daha sıx-sıx baş verdi.

Partiyanın “gözü”, şairin sözü

– Musa müəllim, ikinci mərhələ demişkən, mərhum Qəşəm Aslanov Musa Yaqubu İsmayıllıya qaytarmaqla sizi mümkün təzyiqlərdən qorudu? Çünki az qala hər kəlməsinin arxasında o dövrçün böyük təlatümlər yaradan Musa Yaquba qəzet tapşırmaq başağrısı ola bilərdi, bəlkə də risk idi bu… Qəşəm Aslanovun sizə sıcaq münasibəti nə ilə bağlıydı?

– Bizim münasibətimiz o Şuşada birinci katib işləyəndə yaranmışdı. Mən Şuşaya istirahətə getmişdim. Məndən qabaq Məmməd Araz da gəlibmiş Şuşaya. Onun bir şeiri çap olunmuşdu “Şuşa” qəzetində. Mənim də Şuşa haqqında şeirim çap olundu burda. O zaman Qəşəm müəllimlə görüşdük. Ondan qabaq o “Azərbaycan gəncləri” qəzetinin redaktoru olanda da bir neçə dəfə görüşüb şeirlərimi təqdim etmişdim. Şeirlərimi çap eləməsə də, yaddaşında saxlayırmış… O elə poeziyasevər idi ki…

– Hər halda, partiya işçisi idi…

– Partiya işçisi olmasına baxmayaraq, onda poeziyaya böyük həvəs, sevgi var idi. Amma mən hələ Yazıçılar İttifaqında işləməyə gələndə rayon qəzetinə göndərilmə söhbətim var idi. O vaxt birinci katib Tamara Hümbətova idi. O da razılıq vermişdi. Mən Çingiz Ələkbərzadə ilə rayona gedəndə nə yazmışdılarsa, nə pəl vurmuşdularsa, Tamara Hümbətova dedi ki, hələ bu məsələ qalsın. Düzü, ozaman bu münasibət o qədər də çox narahat eləmədi məni. Çünki artıq Bakıya gəldiyimdən özüm də maraqlı deyildim rayona qayıtmağa. Qəşəm müəllimsə mənim dağlara gəzməyə gəldiyimi eşidib çağırtdırdı və razılaşdıq. O, ümumiyyətlə şairləri – Məmməd İsmayılı, Məmməd Aslanı da yaxşı tanıyırdı. Bu baxımdan deyə bilərəm ki, poeziya onu çəkdi buna.

Amma onu da düz deyirsən ki, o vaxt partiya üzvü olmayan adamı qəzet rəhbərliyinə gətirmirdilər. Qəşəm müəllim təkidlə bu işin üstündə durdu. Mərkəzi Komitədə təsdiqə gedərkən mənə hətta bir yazı da yazdırdılar. O yazını da poetik şəkildə yazdım. Dedilər yox, gərək yazaydın ki, “kəndin sosial məsələləri partiyanın gözü ilə”. Dedim mən bu məsələlərə öz gözümlə baxıram. Amma Qəşəm müəllimin təhriki ilə namizədliyim keçdi.

– Məsələ burasındaydı ki, qoruyaraq işlətdi də sizi…

– Hə, yadımdadır ki, o vədələrdə “Ədəbiyyat və incəsənət” qəzetində “Qoruyanda gül, yandıranda kül” adlı yazım getmişdi. Çox sensasiyalı bir yazı idi. Amma Qəşəm müəllimin təkidli köməkliyi olmuşdu. Mən onu həmişə xatırlayıram.

Sən işlədən dəyirmanın…

– Keçək sonrakı yaradıcılığınıza. Ümumiyyətlə söhbətlərimiz qarışıq alınsın qoy.

– Nə olar? Olsun belə.

– “Dəyirman” poemasında dəyirmana gedən doqquz yaşlı uşaq Musa Yaqub özüdümü?

– O poemanı siz oxumusuz. Haqqında da yazmısız. Qəribə burasıdır ki, o doqquz yaşlı uşaq o zaman şeir, poeziya nə olduğunu bilmirdi. Amma dəyirmanın nə olduğunu yaxşı bilirdi. İnsan böyüyəndən sonra ata-anasını, uşaqlığını, dostlarını necə xatırlayırsa, dəyirman da mənim yaddaşımda bax belə qalıb…

– Elə ona görə də mən yazmışam ki, Musa Yaqubun yaradıcılığından dəyirman mövzusu bir ana xətt kimi keçir.

– Bəli, bəli. Üyüdən də, bizə ruzu verən də, növbədə səbrlə dayanmağı öyrədən də dəyirmandı. Kəndimizdə o vaxtdan qalan, indi işləməyən köhnə dəyirman var. Demişəm ki, öləndə mənim sinə daşıma, baş daşıma o dəyirmanın daşını qoysunlar.

– Poemada böyük klassik şairimiz Əfzələddin Xaqaniyə müraciətlə:

Amma sənin dəyirmanın işlər hələ,
Un vermisən, su vermisən
Son bərəkət paylamısan yurda, elə.
Sən işlədən dəyirmanın
nə təknəsi boşalıbdı,
nə şindanı –

söyləmisiz. Doğrudanmı boşalmayıb Xaqaninin “SÖZ” adlı dəyirmanının nə təknəsi, nə şindanı?

– Sizə bir şey deyim. Heç dəyirman mövzusu olmasa da belə, mən Xaqanini bir şair kimi çox sevirəm. Onun yaradıcılığının içərisində birinci olaraq elə bu dəyirman yadıma düşdü:

Bənzəyir kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim.

Bunu oxuyan kimi, o dəqiqə doqquz yaşlı uşaqkən belimdə dağarcığım dəyirmana getməyim gəlib durdu gözlərimin qabağında. Xaqaninin ayağında olan o dəyirman daşı, ümumiyyətlə o dəyirman sözü məni ayıltdı. Dəyirmanda gördüyüm nurani qocanı da Xaqani ilə müqayisə etdim. Xaqaninin dəyirmanı ömür boyu yadımdan çıxmaz.

– Deməli, işləyir şindanı, doludu təknəsi…

– Şindanı da işləyir, təknəsi də doludur…

Xalçaya çevrilən qaşıq

– Musa müəllim, “Un işığı” poemanızda müharibənin, aclığın dəhşətlərini yaşayan Güllü xala bir xalçanı bir nimçəlik una dəyişməyə gəlir. Əlbəttə, almanlar gözəl deyiblər ki, “bütün müqayisələr qüsurludu”. Ola bilsin ki, mənim bu yanaşmam daha çox qüsurlu olsun. Amma deyəcəyəm. Əsl dəyərini itirmiş bu xalça mənim yadıma məşhur Robinzon Kruzonun adada tənha qalanda pul qalağını götürüb yerə səpərkən işlətdiyi ifadəni salır: “gərəksiz zirzibil”. Belə başa düşürəm ki, Güllü xalanın timsalında insanlar ən vacib, ən qiymətli əşyalarını bir tikə çörəyə dəyişməyə hazır imişlər. Güllü xala yəqin ki, ümumiləşmiş obrazdı. Çox idimi belə faktlar? Bu bilavasitə gördüyünüz hadisədi, yoxsa…

– Bunun yazılması çox qəribə şəkildə baş verib. Bu Qəşəm müəllimlə əlaqəlidi. Deməli, biz Tircan kəndinə seçki kampaniyasına getmişdik. Partiya təşkilatının nümayəndələri və rayon qəzetinin redaktoru qismində də mən. Görüş başa çatandan sonra Tircanın Heybətov soyadlı sovxoz direktoru bizi məcbur elədi ki, onun təşkil elədiyi çay süfrəsində oturaq. Çay süfrəsi arxasında Qəşəm müəllim bunu söhbət elədi. Qadın məcburən xalçanı una dəyişib. Poemada olduğu kimi. Atasının yetim malı yeyənlərə nifrəti, imkansıza münasibəti də olduğu kimi.

…Bunu eşidərkən mənim də yadıma düşdü özümüzdə baş verən eyni epizod. Bizim kənddə iki dul qadın var idi. Ərləri müharibədə ölmüşdü. Çox acınacaqlı vəziyyətdə yaşayırdılar. Birinin balaca balası da vardı. O həmişə gəlib pilləkənlərimizlə qalxardı. Anam ona doğrudan da kömək eləyirdi. Bir az qarğıdalı, ya taxıl, nəyimiz olurdusa ondan. Adı Qələm xalaydı. Poemadakı kimi Güllü xala deyildi.

Günlərin birində Qələm xala çıxdı pilləkənə, uşağı da yanında. Uşağın adı Səlim deyildi, başqaydı. Arvad başını qaldırıb anama dedi ki, “Rəbiyyə, daha imkanım yoxdu, sən Allah, mənə bir az undan, olmasa qarğıdalıdan ver”. Anam cavab verdi ki, “vallah, bizdə də çox yoxdu, ancaq kişidən qorxuram, verməsəm, səni boş qaytarsam gəlib aləmi dağıdacaq, deyəcək bir qarğıdalın var idisə, bir dənəsini də ona verəydin”. Amma Qələm xalanın gətirdiyi xalça deyildi, çox gözəl bir gümüş qaşıq idi, onu mən poemada xalçaya çevirdim. O gümüş qaşığı anam almadı, vallah almadı. Ona bir-iki ovuc un, ya da qarğıdalı verdi, nə verə bildiyini indi dəqiq xatırlamıram, onlar çıxıb getdilər. Gedəndən sonra gördük ki, onlar gümüş qaşığı qoyub gediblər. Poemada isə Qəşəmin xatirəsi üçün gümüş qaşığı xalçaya çevirdim. Amma Qəşəmin danışdığı ilə mənim gördüyüm hadisə bir əşya fərqini nəzərə almasaq, eynilə baş vermişdi.

– Bu, ümumiləşmiş azərbaycanlı ailəsinin obrazıdı. Səhv eləmirəmsə, Qəşəm müəllim Qazax bölgəsindən idi?

– Yox, Ermənistanın Basarkeçər rayonunun Qazaxa – rəhmətlik Nüsrətin (mərhum şairimiz Nüsrət Kəsəmənlini nəzərdə tutur – N. Z.) doğulduğu Kəsəmən kəndinə yaxın ərazisindən idi. Hə, bu ümumiləşmiş talelərin obrazıdı. Amma bunu indiyə kimi heç kimə deməmişdim. Birinci sənə dedim.

–  Təşəkkür edirəm.

Azadlıq gəzirəm elə özüm də…

– “Ömür bahar deyil, bir də qayıtsın”… Baharlar olduğu kimi qayıdırmı? Hər halda bu belədirsə, yəqin təbiət şairinin gözündən yayınmaz…

– Bu barədə şeirlərimdə bahar haqqında deməmişəm. Amma payız haqqında demişəm ki, payızlar ömründə bir-birinə bənzəmir.

– Əslində heç nə olduğu kimi təkrarlanmır.

– Əlbəttə, heç nə eynən keçmişdə olduğu kimi yaranmır. Hərəsində nə isə bir təzəlik var. Ən azı, məsələn, budağın yarpaqlarının sayında da olsa bir yenilik var, ötən il yeddi yarpaq idisə, bəlkə bu il doqquzdu, ya on ikidi. Mütləq fərqlənən, sezilən bir şey var. Amma mənim bir fikrim də var: “Payızdan yaza yol varmı?” Doğrudan da payızla gedirik, onun hər şeyini görürük. Amma axı təzədən yaza qayıtmırıq ki, nəyin ağılda, ruhda, canda yenidən necə yarandığını görək. Bahar adamı elə coşqunlaşdırır ki, bir yarpağı da itirmir. Payız isə itirə-itirə gedir…

– Musa müəllim, bəlkə ömür də qayıdır başqa formalarda. Belə bir fəlsəfi yanaşma da var axı…

– Deyirlər var, ruh şəklində-filan. Buna bir o qədər də inanmıram. Mənim belə bir misram var:

Aynada qalsaydı zərrə şəfəqin
Bəlkə də üstümə işıq düşərdi
Ruhun yaşamağı yalandı yəqin,
Olsaydı üstümə kölgə düşərdi.

Bəlkə də heç yoxdu. Amma o, keçənlərlə gələnlər arasında fikir mübadiləsi, fikir oxşayışı insan qəlbinin torpaqdan güc almasıdır, həmişə, bizi o ümidlə birləşdirir ki, bir də gələcəm. Gəlməyəcəksən, elə həyat odu. Həyat bir dəfə verilir.

– Amma insan ruhla yaşayır. Ruh da ki, torpaq altına getmir.

– Ruhlar göydədi də. Bunu sufizmdə çox aydın deyir Qəzzali, Mənsur, bizim böyük hürufilər və s. Onlar ruhun yaşamağına inanırlar. Amma hər yerdə yox ha… ruhun da mərtəbələri var. Göydə peyğəmbərlərin ruhu başqadı, imamlarınkı başqa, böyük dindarlarınkı başqa, alimlərin ruhu başqa, adi adamların ruhu başqa mərtəbələrdədir.

– “Sanballı qonaq”ın ötən dəfəki müsahibi professor Nizaməddin Şəmsizadə dedi gəl sənə yeni bir fikrimi deyim. Dedim de. Söylədi ki, səmada Allahdı, yerdə insan. Qeyri-adi insanlar – peyğəmbərlər, dahilər, böyük  sənətkarlar yerlə göy arasındakı sərhəddə yaşayırlar.

– Düzdür. Deyirlər ki, adi adamlar aydan aşağı səmada, Allaha yaxın olan müqəddəslər o biri mərtəbədə yaşayırlar. Onlar müəyyən mənada Allahla insan arasında əlaqə yaradırlar. Həm insanlarla ruhlar arasında, həm də aşağı ruhlarla yuxarı ruhlar arasında. Əbədi olaraq.

– Musa müəllim, insanın bax bu birinci yaşamın götürək – hətta yenidən qayıtmasa, doğulmasa da belə bu dönəmində, maddiləşmiş dünyada da insan ruhla yaşayır da. Vacib deyil ki, ruh onun bədənindən çıxsın, sonra biz onu dəyərləndirək.

– İnsan yaşayanda, yaradanda ruhu tutub saxlayır. Ruhsa daim qaçmağa, çıxmağa, bir sözlə azad olmağa can atır. Elə mənim “Ruhumla söhbət” şeirimdə də bu sualın cavabı var:

Gözəgörünməzim, can tutalcağım,
Salam, Ruhum, salam!
Salam dustağım!
Hərdən özüm kimi boylanıb göyə,
Qışqırma içimdə azadlıq deyə.
Səni buraxmaram, yalvarma yetər,
Taqəti, mayası sənsən canımın
“Sanma bircə ləhzə keşikçim yatar,
Fikri qalıb məndə nigahbanımın?”
Bütün gündüzümdə, gecəmdə oxu,
Ayağım keşikçi, dilim keşikçi –
Olmaz ki, nəyəsə etibar edim
Özümü yox edib, səni var edim.
Qışqırma içimdə, azadlıq deyə –
Azadlıq nə gəzir bu yer üzündə,
Azadlıq gəzirəm elə özüm də…

–  Fikir, düşüncə adamlarının ruhu fərqlidimi?

– Yox, elə hamısı təbiətdən, torpaqdan, cəmiyyətdən güc alır. Amma onların həyata baxışları fərqlidir. Bir də deyirəm: insanın hamısının ruhu torpaqdan qidalanır.

– Bir şeirinizdə buna işarə etmisiz:

Torpaqdan göyərir eşqi insanın,
Bir gülə əyilsəm yüz yol, inanın.
Ancaq bir bədxahın, bir bədgümanın
Xar oldum üzünə gülənə kimi.

– Bunlar hamısı elə bizim söhbətlərimizin mayasıdır. Çingiz Ələkbərzadə deyirdi ki, sən nəsrlə danışma, şeirlə danış. Yəni, bax, “ruhumla söhbət”də bütün bu söhbətlərimiz var.

Özümün və zamanın təəssüfü
Dünyanın zəmisi heç imiş demə,
Dəryanın gəmisi köç imiş demə.
Heçimi, köçümü indi bilmişəm,
İndi bilməyim də gec imiş demə.

– Təəssüfmü, etirafmı, gileymi, şikayətmi!.. Bu tarixi sətirlərin arxasında nələr gizlənir?

– Bunların elə hamısı var orda. Giley də var, təəssüf də var. İndi bizə çox tez-tez belə bir sual verirlər: Dünyaya təzədən gəlsəydin indiki kimi yaşayardınmı?

– Mənim bunu soruşmaq fikrim yoxdu.

– O məlum. Amma hər halda yenə də o suala cavab olaraq deyim.

Axı bəs necə olmalıdı? Bu ömür payıdı. Onu belə yaşamağa məcburam. Daha bir dəfə də qayıtmayacam ki bu dünyaya. Amma dediyiniz şeirdəki o fikrimin içində təəssüflər də var ki, ömrün müəyyən hissələrinin qədrini bilməmişəm. Məsələn, mənim “Eləmədiklərim yandırar məni” şeirimi götürək. Doğrudan elə məsələlər var ki, gecikdirirsən, onlar təəssüfdü. Bu özünün təəssüfündü. Bir də var ki, zamandan, vaxtdan doğan təəssüf. Görən zaman məni hara aparır? Yəni məndən asılı olmayan şeylər. Zamanın əlində və özünün əlində olan təəssüflər. Bu iki təəssüf birləşir, səni düşündürür. Bu gileydi, “eləmədiklərim yandırar məni” isə özündən gileydi.

– Elə bilirəm oxucular bunu daha çox insana münasibət prizmasında görürlər…

– Məlumdu. Bəzən dostların üz döndərməyi, xəyanətlər. Bunları görürsən, düşünürsən ki, mən belə eləyərdim, belə düzəldərdim səhfimi, amma bunlar mümkün deyil. Çünki “bir günah sənindir, bir günah mənim”.

– Yeri gəlmişkən bu şeir necə yarandı? Yəni özünüzün səhflərini görməyinizin sübutu kimi, yoxsa…

– Yox, özümün deyil. Cəmiyyətdən gəlir bu.

– Amma heç kim sizin kimi özünü günaha şərik eləməyib…

– Çox qəribədir burası. İndi mən təzə bir şeir yazmışam. Şərik işlərimizlə bağlı. Günaha da şərikik. Amma bir-birinin şərikli günahını boynuna götürmək mümkün deyil. Çünki o günahın bir başı sənindi, bir başı onun. Tərəzilər şərik, əkdiyin əkin şərik…

– Biçdiyin “biçin” də şərik…

– Hamısı. Amma günah üzə çıxan kimi çoxları onu bir-birlərinin üstünə atırlar.  Elə bil ki, əvvəldən heç birində tamah olmayıb. Çünki heç kim “öz gözündə tiri görmür, amma başqasınınkında tük axtarır”.

Ərk ən isti insan münasibətidi

– O mizan-tərəzi, çəki üyündü,
O əlin bu ələ ərki üyündü –

“Köhnə dəyirmana sözüm” poemanızdandı bu misralar. 1986-cı ildə yazmısız bunu. Onda məncə, hələ o əlin bu ələ ərki var idi. Yəni insanlar indiki qədər laqeyd deyildilər bir-birinin taleyinə…

– Bu nədən doğub? Mən bir dəfə gəlmişdim Bakıya. Bir dostumun evini axtarırdım, ancaq qapını dəqiq tanımırdım. Onunla eyni blokda qapıbir yaşayan qonşusundan soruşdum ki, qonşuluğundakı bu evdə kim yaşayır? Dedi bilmirəm. Mənzillərinin arası bir metr deyildi ha. Bu qədər yaxın məsafədə yaşayan qonşuların bir-birini tanımaması məni diksindirdi. Amma kənddə bizim evlərin arası elə olur lap bir kilometr məsafədə yerləşir. Di gəl, hamımız bir-birimizi tanıyırıq. Lazım olanda uzaq məsafədən qışqırıb çağıra da bilirik. Yəni, bu ərk söhbətidi də. Fərqi orda görmüşdüm.

– Bəlkə bu kənd-şəhər fərqiydi?

– Təkcə bu yox, həm də elə münasibətlər fərqiydi. Amma kənd istiqanlılığının da burda rolu var. Mirzə İbrahimov məni işə götürəndə dedi ki, a bala, sən kənddən gəlmisən, təmiz qalmısan, gəl bizimlə işlə. Ərk ən isti insan münasibətidi.

– İndi kəndlərimizdə də həmin ərk qalmayıb…

-Əlbəttə qalmayıb. Bəs qloballaşma, dünyaya, şəhərlərə inteqrasiya nədi? İndi başqa oyunlar gedir. Mən yazmışam axı: “düşdü aramıza mənafe oyunu”. Başqa bir şeirimdə də deyirəm ki, “indi öz xeyrinə çoxu agahdı”. Yalnız öz xeyrınə ha…

-“Min ilin bir gecəsi” poemanızda Qara Əjdər, “Un işığı” poemanızda Quzğun Zəki obrazları var. Biri tariximizi məhv etməklə məşğuldu, digəri yetimlərin payını yeməklə. Bunlar şair təxəyyülünün məhsuludu, yoxsa onların gerçək adlarıdı?

– Bizdə bir nəfər var idi. Deyirdilər ki, o qızıl yığır. Təsəvvür edin bu o dövr idi ki, biz, ümumiyyətlə əksəriyyət bir tikə çörəyimiz olması ümidi ilə yaşayırdıq. Atam anamı Gəncəyə xalça dəyişməyə göndərmişdi, o da qəşəng bir xalçanı iki batman kartofa dəyişib gəlmişdi. Amma belə əntiq əşyalarını alanlar istəyirdilər ki, heç bir manat da vermədən belə dəyərli malları qamarlasınlar. Bəli quzğun zəkilər var idi. Onlar ancaq öz talelərini, gələcəklərini fikirləşirdilər. Qara Əjdərsə, o lap Qara Məlik kimi birisi idi. Əjdərlər, Zəkilər nağıllarımızdakı suyun qabağını kəsən əjdaha obrazlarıdır.

Poeziyanın mayası metaforadı

– “Taleyin qisməti”ndən qaça bilməyən,
“mən yansam, sən buna məhəl qoymasan,
Görən harayıma ölüm çatarmı”

kimi notları daha sərrast söyləyən Musa Yaquba nədən sevgi şairi yox, təbiət şairi dedilər?

– Onu mənim haqqımda çox yazıblar ki, təbiət, vətəndaş, sevgi şairidir filan, əslində bunlar bir-birilə əlaqəlidi. İnsan özü də təbiətdi də. Bəs niyə yazanda başlayırlar qələm qaşdan, alma yanaqdan, büllur gözdən? Hamısı təbiət lövhələridi də elə. Qələm qaşı, büllur gözü deyən SÖZ-ün özünü də təbiətə bənzədirlər. Fərq yalnız yanaşmadadı. Bəziləri, təbiəti çox istəyir, bəziləri məhəbbəti, bəziləri başqa şeyləri.

– Yəni o elə görür.

– Bəli, o elə görür.

– Sözünüzdən belə çıxır, siz yazanda oturub düşünmürsüz ki, məsələn, bu şeirdə yalnız məhəbbəti, ya yalnız vətəni, ya da təbiəti tərənnüm edəcəksiniz?

– Bəli. Mən sadəcə Azərbaycan dilinin gözəlliyini məhz bu nöqtədə görürəm və onun imkanları daxilində öz şeirimi yazıram. Azərbaycan dili isə rəng götürəndi. Bir söz milyard dəfə işlənir cümlədə. Hamısı da başqa-başqa mənalarda. O başqa məna bəs nədən yaranır. Əlbəttə ki, ona vurduğun naxışdan. Yoxsa nə qədər söz var ki. Dilimizdəki sözlər çoxdan danışılıb qurtarardı. Sözlər silsiləsi ona görə uzanır ki, onun poetik rəngi var. Poeziyanın mayası metaforadı. Bunlar Xaqani Şirvanidə o qədər çoxdur ki. Metafora həm sözü yaşadır, həm sözü göyərdir, həm də poetik mənanı dərinləşdirir.

– Gənc yazarları oxuyursuz? Onlar nədənsə böyük mübahisələrlə davam edirlər yollarını… Kimdən yaxşı mənada şübhələnirsiz? Bir də ümumən azərbaycan poeziyasının sükanını qayalara çırpmayacaq imzaları sadalaya bilərsinizmi?

– Vallah, mən oxuyuram. Özüm də ümidsiz deyiləm. Ad çəksəm gərək çoxunu qeyd edim. Belə olanda da kimsə yadımdan çıxar. Bizim çox istedadlı gənclərimiz var. Modernizm deyirlər, bu, nəyisə tez-tələsik yazıb ortaya çıxarmağı göstərir. Amma sözü üst-üstə yükləyəndə rəng rəngə düşürmü? Dilimizdə var bu. Məsələn “yastı-yastı danışma”. İnsan necə danışar yastı-yastı? Yaxud “sözü yastılama”. Məmməd Arazda bu ifadə var idi. Qəbul eləmirdilər ki, necə ola bilər sözü yastılamaq. Anlamırdılar ki, bu elə yastı-yastı danışmaqdı da. Amma yazsaq ki, məsələn yastı-yastı baxmaq, bax bu olar sözə xəyanət. Söz düz gəlməz. Yəni, gərək söz üstünə yüklədiyin metaforanı götürsün. Bizdə Cılğı deyilən bir at vardı. Ömründə tərk götürməzdi. İndi bir az mübaliğəli desək, söz də gərək tərk götürsün. Modernizmdə də hər sözün üstünə söz yükləmək olmaz, çünki bu zaman o başa düşülməz olur.

Bir də var, deyirlər ki, başa düşmək üçün fikirləş də fikirləş. Məsələn, Rəsul Rzada belə bir fikir vardı: “yerdə qovaq yarpaqları gümüşü”. Yəni yel vurur yarpağın gümüş tərəflərini çevirir, göstərir. Bunu yazmaq üçün əvvəl gərək o yarpağı tanıyasan ki, hansı yarpaqdı, biləsən ki onun bir tərəfi gümüşüdü, bir tərəfi yaşıl. Onu tanıyan, bilən başa düşür, bilməyən ya qəbul eləmir, ya da çaşıb qalır.

– Musa müəllim, siz daha çox sözün bədii istiqamətini vurğuladız. Bəs sözün ictimai yükü, çəkisi? Yəni Musa Yaqubun məsələn “Tərəzi” şeirinin ictimai yükü olmasaydı, o nə bu qədər cəlbedici, nə də yəqin ki yaşarı olmayacaqdı…

– Şair şeiri yazanda düşünmür ki, onun ictimai yükü olsun. Sən fikrini deyirsən, narazılığını, haqqını, gileyini dilə gətirirsən. Havayı yerə söz demirsən axı. Dediyin metaforalar sözün təsirini artırır. Bunu müqayisə eləmək olar elektrik naqillərinin çəkilişi ilə. Görürsən telin biri elektriki yaxşı götürür, o biri götürmür. İctimai fikrin təsirini çəkisinə görə artırırsan poetik sözlə.

– Ancaq ad çəkmədiniz…

–  Çoxdular ona görə.

– Ola bilər ki, kimsə xüsusi diqqətinizi çəkərdi.

– Olur ey vallah. Məsələn, Səhər adlı şairə yazırdı. İndi çoxdandı rastlaşmıram onun şeirləri ilə. Adlar çoxdu. Hansını deyim…

Pilotsuz təyyarədənsə…

– Demirsiz deməyin. Onda belə bir sualımızı cavablandırın zəhmət olmasa: Cəmiyyətin, təbiətin qayğılarını ədəbiyyat çəkməyə borcludu, yoxsa məhkumdu?

– Məhkumdu. Bunsuz mümkün olmaz. Borclu deyil, məhkumdu. Çünki taledən gəlir bu yükü çəkmək. O işi yerinə yetirməlidi ədəbiyyat. Borclu olmaqsa o deməkdir ki, bu sənin vəzifən olanda borclusan.

– Çağdaş ədəbi nümunələr çəkə bilir bu yükü?

– Yox. Bütün yükü çəkə bilməzlər. Həm də çətindi çəkmək. Belə bir deyim də var axı: yük əyilməsə daş qəribliyə düşməz. Bu da çox böyük sözdü. Daşın da qəriblik çəkmək həsrəti var deməli. Amma yük əyilir ki, daş da qəribliyə düşür.

Xaqani Şirvana İraqdan gəlir. Onun “Tövrətül-İraqeyn” poemasında gözəl bir yer var, deyir:

Mədain xərabələrini ayineyi-ibrət sandım
O bir ədl sarayiykən zülm ilə xarab oldu
Zalımlar olan qəsrə neyləyəcəkdir dövran?!

İndi də zalımlar qırır bir-birini. 10 əsr keçib Xaqaninin dediyi dövrdən. Amma ayineyi-ibrət bu qırğınların qabağını ala bilmir.Yenə də elə həmin Xaqani dövrüdü. Mən dedim bəlkə xəyanətlər keçmişlə, ölənlərlə ölər, ancaq belə olmadı. Yəni Xaqani elə bil ki, bu gün Suriyadan, Misirdən gəlir.

O qırğınlardan, O İŞİD-in baş kəsməsindən gəlir. Elə bil Xaqani deyir ki, mən Mədaini görmüşdüm, onda da evləri dağıdırdılar, insanları qırırdılar, indi də. Onda qılıncla, indi bombalarla. Deməli qurtarmayacaq bu qırğınlar.

– Müharibə, qan-qadanın səbəbləri, məzmunu yerindədi, forması, daha doğrusu silahlarının forması dəyişib.

-Silahları da məzmunca dəyişib elə. Nifrətlərsə bir qədər də böyüyüb. İndi deyirlər elə döyüş təyyarələri düzəldəcəklər ki, pilotsuz gedib obyekti vurub qayıdacaq. Bunu fikirləşməkdənsə, nifrəti azaltmağın, sevgini çoxaltmağın düsturlarını düşünün tapın, heç o təyyarəyə ehtiyac olmasın.

– Musa müəllim, dediyiniz təyyarə ibtidai insanın bumeranq silahının da effektini yarada bilər. O silah gedib hədəfə dəyməyəndə qayıdıb sahibinin başına düşürdü…

– (ikimiz də gülüb stress yaradan bu auradan bir qədər çıxırıq) Hə, elə də ola bilər. Ancaq indi yəqin başqa formada düzəldərlər ki, qayıdıb özlərinə dəyməsin. İnkarı inkar qanunu var axı…

Səmimiyyət olsa, söz azadlığı heç yada düşməz

– Uzun müddət birlikdə Söz Azadlığını Müdafiə Fondunda (SAMF) sözlə bağlı layihələrin icrası ilə məşğul olduq. Sözə, söz azadlığına münasibətinizi təbii ki, mən bilirəm. Hələ 1977-ci ildə demisiniz ki:

Bu dəyirman nağılına
İndi heç kim ortaq deyil
Sözü, fikri azad olan
Məhbəsdə də dustaq deyil.

Ancaq oxuculara da bu barədə bir neçə kəlmə ilə məlumat verməyinizi istərdim…

– Çox gərəkli işlərdi SAMF-da gördüyümüz işlər. İşimizin bir qolu olan dilimizin qorunmasının gündəmdə saxlanılması məsələsi xüsusilə. Amma ümumən yanaşanda sözün azadlığına zərbələr vuran əsasən insanların bir-birinə qarşı yeritmək istədiyi siyasətdi. İnsan sevgisi, əsl insan münasibəti ilə deyilən sözdə siyasət yoxdu. Mövlanə Cəlaləddin Rumi deyirdi ki, dünyada ən böyük şey səmimiyyətdi. Səmimiyyət olsa, söz azadlığı heç yada düşməz. Onun bütün əsərləri səmimiyyət üzərində qurulub. Bir də insanın həmişə söz sərhədləri var. Azadlıq da  əslində söz münasibəti, insan münasibəti ilə ölçülür.

– Musa müəllim, “SANBALLI QONAQ” layihəmizdə sanballı söhbətinizə görə sizə təşəkkür edirik.

– Siz də sağ olun.