Söz pirimiz – Musa Yaqub

… Fəlsəfə-təbiət və cəmiyyətin ən ümumi inkişaf etmiş qanunauyğunluqları haqqında elmdir. Bu, fəlsəfənin tərifidir. İndi buna cüzi əl gəzdirib qısaca belə demək olar: Fəlsəfə-Musa Yaqubdur. Əgər öz şeirlərində təbiət və cəmiyyətin bütün tərəflərini, qanunauyğunluqlarını məharətlə qələmə alıb bizlərə çatdırırsa, onda Musa Yaqub elə fəlsəfədir. Vətənin dağını, daşını, torpağını, ceyranını, cüyürünü, quşlarını, meşəsini, dərəsini, düzünü, çayını, şəlaləsini, ormanını, talasını, təbiətin fəsillərini bir insan kimi danışdıran, özünü onlara həmdərd bilib, yaralarına məlhəm olmağa çalışan şairi, quş dili bilən Süleyman peyğəmbərə bənzətmək olar. Müasir dövrdə söz dünyasının kölgəsinə sığındığı şairdir Musa Yaqub. Söz bolluğunda söz tapa bilməyəndə üz tutduğumuz söz pirimiz-ocağımızdır Musa Yaqub…

Musa Yaqub: “Həmişə qışa, qara gözəllik, bir təmizlik simvolu kimi baxmışam və nə qədər insan əlini, üzünü, duyğularını üşütsə də, qar təmiz bir maddə kimi bizi təmizliyə səsləyir”
Fəlsəfə-təbiət və cəmiyyətin ən ümumi inkişaf etmiş qanunauyğunluqları haqqında elmdir. Bu, fəlsəfənin tərifidir. İndi buna cüzi əl gəzdirib qısaca belə demək olar: Fəlsəfə-Musa Yaqubdur. Əgər öz şeirlərində təbiət və cəmiyyətin bütün tərəflərini, qanunauyğunluqlarını məharətlə qələmə alıb bizlərə çatdırırsa, onda Musa Yaqub elə fəlsəfədir. Vətənin dağını, daşını, torpağını, ceyranını, cüyürünü, quşlarını, meşəsini, dərəsini, düzünü, çayını, şəlaləsini, ormanını, talasını, təbiətin fəsillərini bir insan kimi danışdıran, özünü onlara həmdərd bilib, yaralarına məlhəm olmağa çalışan şairi, quş dili bilən Süleyman peyğəmbərə bənzətmək olar. Müasir dövrdə söz dünyasının kölgəsinə sığındığı şairdir Musa Yaqub. Söz bolluğunda söz tapa bilməyəndə üz tutduğumuz söz pirimiz-ocağımızdır Musa Yaqub.
Qışın qarlı-çovğunlu bu vaxtında sözsüzlükdən üşüyən könlümüzü, söz pirində isitmək istədik. İsmayıllının geniş, füsunkar dağlarına, meşələrinə, dərələrinə sığışmayan Musa Yaqub şəhərdəki kibrit qutularına bənzəyən evlərin dörd divarına necə yerləşmişdi, bilmədik. Bildiyimiz o oldu ki, Musa Yaqubla söhbətdən sonra bütün divarlar “söküldü” və artıq dağlar, dərələr, çəmənlər bizə darlıq etdi. Sanki, göylə əlləşməyə başladıq. Hiss etdik ki, Musa Yaqub sözünün müqəddəsliyi, sehri bizi ənginliklərə qaldırıb. Və bu əngilliklərdə İlahi, hər şey necə də gözəl, saf görünür. Biz bu söz kahkəşanında daxilən durulduq, saflaşdıq və sözə təşnə qəlbimizin söz yükünü tutduq. İstəkli oxucular, bu “yükdən” sizlərə də pay veririk. Beləliklə, sevimli poeziasevərlər, qışın bu oğlan çağında qəlblərinizə bir hərarət gətirə biləcək Musa Yaqub sözünün oduna, işığına sizi də dəvət edirik. İnanırıq ki, şairlə olan söhbətimiz, söz xiridarlarının ürəyinə rahatlıq, xoş duyğular gətirəcək.

– Musa müəllim, bayırda qarlı-çovğunlu bir mənzərə var. Təbiət şairi olan Musa Yaqub fəsillərin hansını daha çox sevir və ya bilmək istərdik, belə qarlı havada ilhamınız donur, yoxsa qızışır?

– Mənim qış, qar haqqında ürəkdən deyilmiş misralarım var:
“Ulduz tək üstümə səpələn, ey qar,
Geydirdin əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizlikdən isinmək olar.”
Mən həmişə qışa, qara gözəllik, bir təmizlik simvolu kimi baxmışam. Nə qədər insan əlini, üzünü, duyğularını üşütsə də, qar təmiz bir maddə kimi bizi təmizliyə səsləyir. Eyni zamanda, qış insanda qəribə hisslər doğurur. Düzdür, qarın ziyarətinə də getmişəm, təbiətə yaxından da baxmışam. Bunlar ürəyimdə tamam başqa duyğular canlandırır. Kənd təsərrüfatı işçiləri üçün qar bolluq, bərəkətdir. Şairlər isə ancaq bunun gözəlliklərini görür. Ona görə də həmişə olduğu kimi, bu ilki qar da məndə xoş əhval-ruhiyyə yaradır.

– Bildiyimiz kimi, əvvəllər, əyalətdə bir-iki şeiri çıxan adam, böyük şair olmaq ümidi ilə şəhərin qaynar həyatına can atırdı. Ancaq ilk dəfə Musa Yaqub sübut etdi ki, əyalətdə yaşaya-yaşaya da böyük, dünyaya səs salan şair olmaq mümkündür. İndi isə şəhərdə, bu dörd divarın arasındasınız. O qədər genişlikdən sonra Musa Yaqub bu dörd divara necə sığışır?

– Sözün düzü, mən əyalətdə ola-ola ədəbiyyat aurasını saxlaya bilirdim. O vaxt gözəl yazıçı Süleyman Rəhimov deyirdi ki, əyalətdə yaşayan yaradıcı insan gərək başında həmişə ədəbiyyat aurasını saxlaya bilsin. Bunu bacarsa, elə bilər ki, hər gün şəhərdə, redaksiyaların yanındadır, tez-tez çap olunur və s. Mən bu auranı ürəyimdə saxlaya bildim. Bir tərəfdən də, təbiət mənə kömək oldu. O vaxta kimi böyük həcmli “İki qəlb, iki dünya” adlı “Azərbaycan gəncləri” qəzetində bir poemam çıxmışdı. özüm də onda ibtidai məktəb müəllimi idim. Düzdür, bu poema 1958-ci illərin ritorik ədəbiyyatına məxsus bir əsər idi. Yəni dövrün tərənnüm poeziyasına daha çox yaxın idi. Amma birdən-birə ədəbiyyatda, təzə fikir, tamamilə yeni bir təbəddülat yaranmışdı. Bax bu təbəddülata keçidi mənə təbiət verdi. Təbiətin gözəlliyi, həqiqəti, fəlsəfəsi ilə üz-üzə qalaraq, yeni poeziyaya gələ bildim. Bu daxili hiss, duyğu, duyum idi. Bunlar isə, şəhərdə də mənim üçün eyni olacaqdı, kəndə də… Bəzən şəhərdə olanda heç şeir yaza bilmirdim. Tale elə gətirdi ki, mən Bakıya gəldim. Yazıçılar İttifaqında işlədim. “Azərbaycan” jurnalında poeziya şöbəsinin xeyli müddət müdiri oldum. Şairlər üçün bu, o vaxtlar böyük vəzifə sayılırdı. Sonra gördüm ki, şəhər mənim yerim deyil, darıxırdım. Tez-tez də kəndə gedib-gəlmək mümkün deyildi. Ona görə də yenidən kəndə qayıtdım.

– Yəqin elə həmin vaxtlarda, Süleyman Rüstəm demişdir ki, “o dağları kimə tapşırıb gəldin, ay Musa Yaqub?

– Bəli, tamamilə doğrudur. Bir dəfə Yazıçılar İttafaqının həyətinə yaxınlaşanda, gördüm binanın qarşısında Süleyman Rüstəmlə Əliağa Kürçaylı dayanıblar. Süleyman Rüstəm məni görən kimi ucadan səsləndi ki, ay Musa, sənə şeir yazmışam, oxumamısan? Düzü çox təəccübləndim ki, əvvəla, mənim onunla elə bir yaxın əlaqəm də yox idi. Həm də Süleyman Rüstəm kimi tanınmış şairin birdən-birə mənə şeir yazmağının özü təəccüblü idi. Sonralar həqiqətən də gördüm həmin “Kimə tapşırıb gəldin” şeiri dərc olundu:
“Təbiətin əli ilə yaranmış cığırları,
Cüyür ayaqları ilə daranmış cığırları,
Kimə tapşırıb gəldin” və s.
Bu şeirdən sonra bir maraqlı əhvalat baş verdi. Yazıçılar İttifaqında böyük yazıçımız Fərman Kərimzadə ilə çox yaxın dost idik. Bir gün Fərman Kərimzadə dedi ki, ay Musa, Süleyman Rüstəm böyük şairdir, özü də Ali Sovetin sədri olan bir vəzifə adamıdır. Amma sən durduğu yerdə onu işə salmısan. İndi Süleyman Rüstəmi sıxışdırırlar ki, o nədir, Musa Yaquba yazmısan ki, dağları, meşələri kimə tapşırıb gəldin? Məgər oranın raykomu, ispalkomu, meşə təsərrüfatının müdiri yoxdurmu ki, oraları Musa Yaqubdan soruşursan, kimə tapşırıb gəldin? Mən doğrudan da bərk dilxor oldum ki, mənə görə o boyda şairi sıxışdırırlar. İstədim Süleyman müəllimə zəng vurub, üzrxahlıq edim ki, bəs mənə görə səni danlayırlar və s. Sən demə, rəhmətlik Fərman Kərəmzadə bunu elə beləcə Süleyman Rüstəmin özünə də deyibmiş. Bəs camaat arasında söz-söhbət gəzir ki, Musa Yaqub kimdir ona oraları kimə tapşırıb gəldin deyirsən. Bu barədə Mərkəzi Komitədə yaman narazılıq yaranıb və s. Fərman Kərimzadə deyir, o saat Süleyman Rüstəmin rəngi qaçdı və əl atıb telefona, istəyirmiş Mərkəzi Komitəyə zəng edib, öyrənsin ki, kimdir bunu danışan. Bu zaman Fərman qayıdır ki, Süleyman müəllim, necə zarafat elədim? Bundan sonra birlikdə əməlli-başlı gülüşüblər. Rəhmətliyin məqsədi o olub ki, məni də Süleymanı da qıçıqlandırsın görək nə reaksiya verəcəyik (hər ikimiz bu zarafata gülüşürük). Elə bundan bir müddət sonra, qayıtdım kəndə və ikinci bir nəfəs kimi məktəbdə işlədim.

– Musa müəllim, Nəriman Həsənzadə deyir ki, “Həyatda ən böyük istedad belə, Bir sığal görməsə yüksələ bilməz.” Məmməd İsmayıl deyir ki, “Hardasa, hardasa bizi duyan var, Hələ yaşamağa dəyər bir az da.” Musa Yaqub deyir ki, “Bir ağır günümdə hayıma çatan, Könlümdə xeyirxah adamlar yaşar.” Bu üç şairin dedikləri formaca ayrı olsa da, məzmunca eynidir. Necə bilirsiniz, şairlərin əlindən tutaraq, qayğı göstərib sığal çəkənlər çoxdur, yoxsa əzənlər?

– Vallah, tale elə gətirib ki, həmişə mənə qayğı göstərənlər çox olub. çünki mən əzənləri, nisbətən paxılları görə bilməmişəm. Ancaq xeyirxahları görmüşəm. Məsələn, xalq şari Məmməd Rahim birinci poemamın çapına kömək elədi. Cəmil Əlibəylinin də böyük köməyi oldu. Belə demək olar ki, şəhər şairlərinin əksəriyyəti bu kənd şairinə qayğı göstərirdi. çünki mənim saflığıma, təmizliyimə inanırdılar. Bəzən bundan həyəcan da keçirirdim. Xalq şairi Qabil “Nəsimi” poemasını yazarkən, bir neçə dəfə Buynuz kəndinə yanıma gəlib, haqqımda şeirlər yazıb. Böyük şairimiz Məmməd Araz mənə iki şeir həsr edib. “Ulduz” jurnalında çıxmışdı. “Şair, qayalara, dağlara söykən” adlı şeir idi. Elə bil o şeiri İsmayıllının Buynuz kəndində yox, Şahbuzun Nurs kəndində yazıb. Hamısı mənə mənəvi cəhətdən çox yaxın idi. Qələm əhlindən elə bir adam yoxdur ki, Buynuz kəndində qonağım olmasın. Bütün bu əlaqələr, yüksək dostluq və səmimiyyət üstündə qurulmuşdur. İndi ad çəkmək istəmirəm. Amma bütövlükdə bu insanların hamısı mənim xeyirxahlarım olub. Bəlkə də elə buna görədir ki, şeirlərimdə kin, küdurət, nifrət, paxıllıq hissləri yoxdur.

– Məşhur şeirlərinizin birində deyirsiniz ki, “Bir yol oxuyaram, Qu quşu kimi, Mən o nəğməni yazmayacağam.” İndi 70 yaşı ötürmüş şair Musa Yaqub Qu quşu kimi oxuya bilbmi və ya o yazmayacağınız nəğmə nədir?

– Bilirsiniz ki, Qu quşu həmişə ölən ərəfədə öz nəğməsini oxuyur. Mən də ömrümün axırında, yəni son nəfəsimdə o nəğməni söyləyəcəm.Ancaq, yazacağım nəğmə hələ çoxdur. Yəni ürəkdə qalan, deyə bilmədiyim, məni narahat edən fikirləri, duyğuları hələ şeirə, sənətə gətirmək mümkün deyil. Bu mənada nə qədər yazsan da poeziya, şeir yenə var və səndə yenə həvəs varsa, o yazılmamış nəğmələrdir, deyilməmiş sözlərdir. Mən bunu çox demişəm ki, Azərbaycan dili canımız, ciyərimizdir. Xalqımızın dili elə bil, sanki poeziya üçün yaranıb. Şeirdə elə bir söz, elə bir ifadə yoxdur ki, poetikləşdirib demək mümkün olmasın. çünki bizdə sözün rəngi var. Poetik rəng qatılmayan söz heç vaxt şeir ola bilməz. Təbiətdə yeddi rəng olsa da, sözdə milyonlarla rəng çalarları var. Bunlardan birini tapıb dedinizsə, deməli söz poetikdir. İndi təəssüflər olsun ki, o çalarları tapmadan, söz yığınından ibarət şeirlər və bu şeirləri yazanlar həddindən artıq çoxalıb…

– Musa müəllim, üzr istəyirəm, verəcəyim növbəti sualı bir növ qabaqladınız. Bildiyiniz kimi, 60-cı, 70-ci illər deyilən nəsil var idi və onların içərisində şair olub tanınmaq çox çətin idi. Amma siz və sizinlə bərabər bir çoxları seçildiniz və tanındınız. Bu gün isə sanki yeni şair nəsli yoxdur. Ədəbiyyatımızda yaranan bu boşluq sizi narahat edirmi?

– Bu, mən belə başa düşürəm ki, vaxtla, zamanla bağlı məsələdir. O vaxt biz şeirə, sözə həddindən artıq məsuliyyətlə yanaşırdıq. Bütün şairlər, yaradıcı insanlar da belə idi. Mən “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri idim. Ən yaxın dostlarım da olsaydı belə, gətirdikləri onlarla şeirdən, seçilib üçü, dördü dərc olunurdu. Yəni sözə qiymət vermək, dostluğa baxmırdı. Açıq deyilirdi ki, məsələn, filan şeirlər zəifdir, dərc oluna bilməz. Bax belə meyarlar var idi. Sözü yaxşı mənada “rəndələyən” Şura var idi. Ağsaqqal şairlərin sözü eşidilirdi. Hələ bunun senzura tərəfinə toxunmuram. Əsl bədii söz tərəfindən danışıram. Bütün bu prosedurlardan keçmək çox çətin idi. Bir də maraqlı belə ənənə var idi. Tutaq ki, hər hansı mətbuat orqanında kiminsə bir və ya iki gözəl şeiri çap olunurdu. Onda bu, tək müəllifin yox, bütün ədəbiyyat adamlarının hadisəsinə çevrilirdi. O vaxtı “Ədəbiyyat və İncəsənət” qəzetində Əli Kərimlinin “Dağ” adlı bir şeiri çap olunmuşdu. Bu şeiri hamı özününkü bilirdi və hamının dilinin əzbərinə çevrilmişdi. İndi yüz belə şeir yazılsa da, eşidən, qiymət verən yoxdur. İndi zəmanə dəyişib. Maddiyyat mənəviyyatı üstələyib. Şairi, sənəti də saldıq bazara. Mənəviyyatı, mənəvi dəyərləri bazara çıxarmaq olmaz. Belə şeylər bazarda pul gətirmir axı. Ona görə də xalqın şeir oxumağa həvəsi ölüb. Amma xalqın ədəbiyyata zərgər baxışı var idi. İndi bu da yoxdur. Tofiq Bayramın bir yaxşı sözü var: “Şair zəifləyəndə, oxucu şairləşir.” Zəif şeirləri görən həssas oxucu, fikirləşir ki, mən də belə yaza bilərəm və başlayırlar qələmə sarılmağa. Ona görə də elə bir ucdan yazırlar. Nə bir qiymət verəni var, nə Şurası var, nə də çap problemi. Gedib pulunu verir, nə istəyir onu da çap elətdirir. Nəşriyyat rəhbərlərini isə şeir, ədəbiyyat yox, pul maraqlandırır. Hələ ki, qarışıqlıqdır. Ancaq yenə deyirəm, bu zamanla bağlıdır. M.Ə.Sabir demiş: “çalxalandıqca, bulandıqca zaman nəhrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.” İndi bir çalxalanma gedir. Amma hələ nə yağı var, nə də hasilə gələn ayranı. Bununla belə, ümidimizi üzməyək.

– Onda elə ümiddən danışaq. Şeirinizin birində yazmısınız ki: “Tavanda bir otdan asılı qalan, Sahibsiz qaranquş yuvası kimi”. ümidiniz çoxmu belə bir ot kimi tavandan asılı qalıb?

– Həmin şeiri elə o vaxt Bakıda yazmışdım. Şəhərə təzə gəlmişdim, evim yox idi. Bir daxili narahatçılıqdan o şeir yaranmışdı. Amma şükür Allaha ki, o ot qırılmadı, yuvanı da yaşatdı. O üzülməyən və otdan asılı qalan ümid böyük idi, alov idi. Bu nədən irəli gəlirdi? Əslində biz Böyük Vətən Müharibəsinin dəhşətlərini yaşamış uşaqlar idik. Qarın dolusu çörək yeyə bilməmişik, ayağımızda çarıqla məktəbə getmişik. Amma ümidimiz çox böyük olub və bizi o ümidlər yaşadıb. Yavaş-yavaş o ümidin qanadlarından tutub, gəlib bu yerə çıxmışıq. O ümidimiz bu günümüzə də çatır. Fikirləşirəm ki, bu çətinlik də keçər, hər şey yaxşı olar. ümidsiz heç vaxt yaşamaq olmaz. İnsanı yaşadan da elə ümiddir.

– Musa müəllim, şeirlərinizdə, yuxularınızda Arazı çox keçmisiniz. Bu da bir ümiddirmi?

– Deməli, Sovet dövründə Araz bizim ən böyük, yaralı mövzumuz idi. İki xalqı bölən çay olaraq, Arazı gah qılınca bənzətdik, gah da qanlı çay dedik və s. Amma belə baxanda Arazın nə günahı var ki?… Mənim “İki qəlb, iki dünya” poemam elə o mövzuya həsr olunmuşdur. Moskvada VIII ümumdünya Ədəbiyyat Festivalı keçirilirdi. Ora İrandan da müəyyən yaradıcı insanlar gəlmişdi. Poemamın qəhrəmanı Azad Tarçalan idi. Təbrizdən gələn Gülşənlə orada görüşürlər. Onun tarı, bunun sözü bir-birinə qovuşmuşdur. O vaxtı bu böyük bir hadisə idi. Amma sonralar, yollar açılanda Təbrizə getdim və elə bir o boyda dərdi həll elədik. Bax bundan sonra, çox dəhşətli bir Araz yarandı:
“Biz əvvəl həsrətin necə bilmişik?
Kimi səsləyirsən, gəlmir haraya,
Araz həsrətini keçə bilmişik,
İndi başqa Araz düşüb araya…”

İndiki “Araz” millətlər arasından, xalqlar arasından, qonşular arasından, şəhər arasından, kənd arasından, partiyalar arasından keçir. Bu gün o qədər “Araz”lar var ki, əsl Araz yaddan çıxıb. Bax, indi bu sərhədlər bizi haldan salıb. Şükür ki, artıq bir vətəndaş cəmiyyətinin yaranmasına meyl görünür. Biz də vətəndaş cəmiyyətinin yaranması üçün mübarizə aparırıq. Əgər müstəqil dövlətiksə, bu dövlətdə müstəqil yaşamaq hər kəsin hüququdur. Biri-birimizi tapdalmayaq, biri-birimizin ruzisinə dəyməyək. Kimin yaxşı qabiliyyəti, bacarığı varsa qiymətləndirilməlidir. Aparılan mübarizənin məqsədi də elə budur. Mən o Arazı bax bunların arasından götürmək istəyirəm. O boyda Araz problemindən enib, o ülvü hisslərdən gör haraya gəlib düşmüşük? Biri-birimizin arasından Araz götürülməlidir.

– Siz 70-ci illərdə yazdığınız maraqlı şeirlərinizdən birini çili şəhidinə həsr etmisiniz. Yazırsınız:
“Bu torpağa tökdün qanımı nahaq,
Bir damla qanımdan, min ürək, min əl,
Min dodaq, min ayaq, min göz qalxacaq…”
Bununla nəyi nəzərdə tutmusunuz, nə demək istəyirdiniz?

– O şeiri əvvəlcə çap etmək istəmirdilər, xeyli gecikdi. Sonra yenə kitabla bir vaxtda olsa da, “Ulduz” jurnalında çap edildi. Sözün düzü burada sətiraltı mənalar var idi. Sovetin “mənəm-mənəm” deyən vaxtında, güclü senzuranın əlindən bir çox fikirləri sətiraltı deməyə, yazmağa məcbur idik. Bəzən sözü boğanlar, yerlərdəki kiçik padşahlar, hər sözə mikroskopla baxırdılar. Onların harınlığı adamı lap bezdirirdi. Birinin üstünə düşdülərmi, qanını töküb, nəfəsini kəsməsələr əl çəkməzdilər. Elə ona görə də sətiraltı demişdim ki, bu torpağa mənim qanımı tökmə, bu torpaqdan min dənə mübariz insan doğulacaq. Doğrudan da doğuldu, doğrudan da minlər ayağa qalxdı və müstəqilliyimizi qazandıq. Kimin ağlına gələ bilərdi ki, dünyaya meydan oxuyan o boyda Sovet İmperiyasını yıxmaq olar? Amma bu baş verdi. Ayağa qalxdıq, müstəqillik əldə etdik, amma yeriməyimiz bir az ağır oldu.
Yeriyəndə çox səhv olan addımlar atdıq. Bunlar da şeirlərimdə öz əksini tapıb. Bir şeyi də deyim ki, 70 il müstəmləkədə olsaq da, biri haqqını tələb edəndə, Moskva qapazından qorxub eşidirdilər. İndi isə müstəqilik. Amma indi qapaz duyumlu adamlara və ya haqq sözü deyənlərə dəyir. Bu cəhətdən işlər ağırdır. Daha çili şəhidinin dilindən sətiraltı nəsə deməyə ehtiyac qalmır. Hər şey göz önündədir.

– Biz bilirik ki, bu illərdə bir şair kimi həmişə haqq sözü demisiniz, həm də haqq deyənlərin yanında olmusunuz. İndi müstəqillikdən keçən bu illər ərzində Musa Yaqub nədən təəssüflənir və nədən qürur duyur?

– Bircə şeydən qürur duyuram ki, qələmimə heç nə toxunmayıb. Könlüm nə istəyibsə, onu da yazmışam. Şairliyin böyüklüyü odur ki, heç kəs sənin qələmindən tutub demir ki, elə yox, belə yaz. Lap Sovet dövründə də vallah, heç kəs mənə demədi ki, sən Leninə, partiyaya, Moskvaya şeir yaz. Demədikləri üçün mən də o barədə şeir yazmadım. Amma gərək sənin duyğunla qələmin bir olsun ki, hər şeyin dalınca getməyəsən. Bizim içimizdə bir ömür, poeziya ağacı var. Onun öz yarpağı, öz budağı və öz havası var. Bax o havanı dəyişmək lazımdır. Sən zamanı özünə tabe etməlisən. Mən şeirlərimdə səhv etməmişəm. Ola bilər mübarizəmdə hansısa səhv etmişəm. Buna da səhv demək olmaz. Mən və mənim kimilər, sadəcə aldanmışıq. İndi belə bir ifadə dəbdədir: “Niyə ziyalılar ayağa qalxmır, niyə sözünü demir və s.” Sözü o yerdə deyərlər ki, onu eşidən olsun. Ağsaqqal sözü eşidilməyən yerdə, xeyir-bərəkət olmaz. Meydan vaxtı da ziyalılar saflıq, təmizlik, haqq-ədalət uğrunda, rüşvətxorluğa, xalq malını talayanlara qarşı, heç bir hakimiyyət iddiası olmadan mübarizə aparıblar. İstəyiblər ki, ölkədə vətəndaş cəmiyyəti yaransın. Amma bu meydanda həm iqtidar, həm də müxalifət ziyalıları çox aldatdılar.
Axı bu aldanışın dalınca nə qədər getmək olar? Bütün bunları gec də olsa görüb, sığınmışıq öz qələmimizə. Bizim içimizdə olan şeir, sənət, ürəyimizdə olan hisslər, duyğular guya ölmüşdü ki? Əlbəttə, yox! Bu günlərdə xeyli şeirlər yazmışam. Hələ çap elətdirməmişəm. Müəyyən gileylərim, siyasətim, duyğum, əhval-ruhiyyəm o şeirlərdədir. Yenidən bir az əl gəzdirəndən sonra sizin qəzetə də çap olunmaq üçün verəcəyəm. Mən çox təəssüflər edirəm ki, bir çoxlarının yeri səhv düşüb. Qabil demiş: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”.
Hərəkatın təzə vaxtında əvvəl başladılar sözü, ziyalıları, şairləri, yazıçıları, ağsaqqalları hoydu-hoyduya götürməyə. Heç kəsi eşitmirdilər ki, biz hamıdan çox bilirik. Hakmiyyət görməyənlər, hakimiyyəti əldə edəndən sonra, elə bildilər ki, dünya bunlarındır. Ancaq hakimiyyəti əldə saxlamağı bacarmaq lazım idi. Məhz o dövrlərdə biz bəzi məsələlərdə aldandıq. İqtidarın da, müxalifətin də içərisində olan dostların yanında pərt olduq. Fikirləşirəm ki, dikbaş olmamışam, mənəm-mənəm deyən deyiləm. Mənim hakimiyyətdə heç bir gözüm yoxdur. Bir də nəyinsə xatirinə sınmaq istəmirəm. Lap tutaq ki, kimisə tərənnüm elədim. Bununla iş düzəlmir axı… İstəyirlər ki, səni tamam sındırıb, onların dilində danışasan, onların yerişi ilə yeriyəsən. Bunu isə hər şair bacara bilməz. Məhz bu zaman, müxalifətçilik, mübarizə, haqq sözü müdafiə başlayır. Bu baxımdan şairlik çox çətindir. Belə çətinlikdə isə kiməsə qiymət vermək mümkün deyil.

– Musa müəllim, gəlin açıq etiraf edək ki, sarayda da böyük şair olmaq mümkündür.

– Düzdür, mümkündür. Məsələn, Xəqani sarayda sözünü dedi, Nizami də həmçinin. Tərif demək olar. Amma gərək tərif olunanın hamısını xalq sevsin. Yoxsa heç nə alınan deyil. özü də bunların hamısı şərtidir. Tərif də, məddahlıq da şərtidir. Bu barədə xeyli şeirlərim var. İndi bu saat hamı mənafe oyunundadır. Hərə öz xeyrinə daha çox çalışır. Amma xalqının xeyrinə agah olanlar azdır…

– Necə deyərlər, əvvəllər “biz” var idi, indi isə “mən” var. Eləmi?

– Doğrudur. “Mən-mən” deyəndə isə hər şey çətinləşir. Bu “mən-məni” üzdə saxlayıb, poeziyanı da ona xidmət elətdirirsənsə, o nə sevgidir, nə tərifdir, nə şeirdir, nə də sənətdir…

– Hər bir şair təbii ki, vətəndaş şair olmalıdır. Siz də bu prinsipə əməl edərək, vətəndaşlıq prinsipinizi ortaya qoymusunuz. Və buna nə qədər zaman sərf etmisiniz. Musa Yaqubun bu gün ötüb- keçən zamanədən şikayəti nədir?

– Bilirsiniz, zəmanə ilə döyüşmək, vuruşmaq çox çətindir. Zaman elə həmişə eynidir. Günəş həmişə Şərqdən çıxır, Qərbdə batır. Yer, göy elə həmindir. Sadəcə bunların hamısını korlayan da, yaxşılaşdıran da insanlardır. Bizim qəhrəmanımız zamandan çox insandır. İnsanlar da indi o qədər dəyişkən, mütəhərrik olublar, o qədər mərkəzdən qaçan, o qədər mərkəzə yapışan hallar var ki, çaş-baş qalırsan. Mənim gileym bax budur. Niyə müstəqil dövlətimizin qədrini bilmirik? Niyə bu “mənimdir” yox, “bizimdir” demirik? “Mənimlə” “bizimin” arasındakı təfriqədən narazıyam. Hakimiyyət də bizimdir və orada hamının payı var. Ona görə təkhakimiyyətlilik yaxşı deyil, xalqla bölüşdürülməlidir. Nahaq yerə konstitusiyamızda yazılmayıb ki, hakimiyyətin mənbəyi xalqdır. Hakmiyyətdə bütün zümrələrin payı olmalıdır.
Vaxtilə hamıya özəlləşdirmə çeki payladılar ki, torpağın sərvətindən, mülkiyyətindən hamıya pay çatsın. Nə oldu bu çeklərin aqibəti? Tamam batdı, getdi və heç kəs indi bundan danışmır. Monopoliya bütün respublikanı alıb altına. Axı Vətən torpağında, sərvətində, hakimiyyətində mənim də, sənin də, onun da payı var. Düzdür, Azərbaycan çox varlıdır. Bu neft məsələlərini, layihələrini alqışlayıram, qəbul edirəm. Bu, çox yaxşıdır. Amma gəlirlər aşkar və bərabər bölünməlidir, düzgün istifadə olunmalıdır ki, gələcək nəsil də bundan bəhrələnə bilsin. Onda biz də buna uyğun olaraq, şeirimzdə əyri, tikanlı sözləri düzgün yazarıq.
Bunlardır mənim əsas gileyim, şikayətim. Heç bir iddiası olmayan biz şairlər axı haqsızlığı görüb susa bilmirik. Həqiqəti, düzgünlüyü yazmaq, haqsızlığa qarşı sözlə mübarizə aparmaq, bizim başlıca missiyamızdır.

– Musa müəllim, məşhur şeirinizdə deyirsiniz:
“Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.”


1970-ci illərdə yazılmış bu misralar, sanki bu günkü Qarabağımızın təsviridir. İndi Qarabağda leyləklərin də, insanların da yurd-yuvası boş qalıb. Evlər yandırılıb, qara daş qalıb. Necə bilirsiniz, Qarabağın qara daşı göyərəcəkmi?

-Düzdür,bu şeiri mən ömürə aid etmişəm, ona görə də Qarabağa aid etmək istəməzdim. Orda da həqiqətdir ki, leyləklərin yuvası boş qalıb. Yurdlarımız yanıb qara daş qalıb, doğmalarımızın məzarları kimsəsiz qalıb, insanlarımız yurd-yuvasından perik düşüb. Amma bununla belə, Qarabağın qara daşı mütləq göyərəcək və göyərməlidir. Əgər bizim canımızda, qanımızda o ruh qalıbsa, beynəlxalq aləm indiki kimi yavaş-yavaş da olsa, səsimizi eşidirsə, heç vaxt Qarabağ işğalda qalmayacaq. Qarabağ tarixən Azərbaycan torpağıdır və biz öz torpağımıza mütləq sahib çıxacağıq. Qarabağın qara daşı göyərsin, onda elə bilərik bizim ömür daşımız da orada göyərir, mamırlanır, gözəlləşir. Qoy o qara daşların üstündə ağ daşlardan qalalar, evlər, imarətlər ucalsın. Buna mənim böyük ümidim var.

-Şairin indiki bazar iqtisadiyyatı dövründə dolanışığı, günü-güzəranı, kitablarının çapının vəziyyəti necədir?

-Əslində, bu gün yazıçı əməyindən ucuz heç nə yoxdur. Bu, nə deməkdir? Bu, o deməkdir ki, mən şeirimi yazıram, kompüterə yığdırıb kitab halına salıram, nəşriyyatda isə kitabı çap elətdirirəm. Amma satmağa bazar yoxdur. Belə olan surətdə həmin kitabları dostlara, tanışlara pulsuz paylayıram və bir qəpik də mənim əlimə bundan pul gəlmir. Onu da deyim ki, heç ummuram da. çünki o minnətsiz bazar yoxdur.
Vaxtilə “Hadinın şeir bazarı” adlı bir poema yazmışdım. Tarixdən bildiyimiz kimi Hadi kasıbçılıqdan öz şeirlərini satmağa məcbur olub və əsər də bu barədədir. Deməli, poemada Hadi şeirlərini satır. Bir gözəl xanım yaxınlaşıb şeiri almaq istəyir. Hadi isə ona belə deyir: “Mən ölü ruhlu, dərd içində ölən bir şairəm, bu dərdim sənə də keçər deyə şeiri sənə sata bilmərəm.”
Bir uşaq gəlir ki, mənə bir şeir sat. Hadi deyir: “Can bala, mən bu şeirlərimdə elə ahlar çəkmişəm ki, onu oxusan sənin qanadların yanar.”
Bir boynuyoğun gəlir ki, bütün şeirlərini bir yerdən alıram. Hadi deyir: “Sənə mən şeir satmaram, çünki şeirin nə olduğunu sən qanmırsan.”
Göründüyü kimi, Hadi şeir bazarındadır, amma şeirini sata bilmir. Bax biz də o gündəyik. Sovet dövründə kitabların qonorarları ilə əməlli-başlı dolanırdıq. çünki kitabın satışı dövlət tərəfindən tənzimlənirdi. İndi isə kitab satışını təşkil edənlər yoxdur. çıxardıb bir “vitrin”ə satmağa kitab qoysan, gəlib deyəcəklər ki, vergisini ver. Heç bakkuş satandan vergi istəmirlər. Ona görə də bizim günümüz-güzəranımız çox çətindir.

-Belə bir ifadə dəbdədir: “Biləcəridən o tərəfə”… Musa Yaqub necə bilir, Biləcəridən o tərəfə keçənimiz çoxdurmu?

-Mən bir şeyə çox təəssüf edirəm. Deməli, sovet dövründə türk dünyası ilə böyük ədəbi əlaqələr qurulmuşdu. Bütün respublikalarda ədəbiyyat günləri keçirilirdi. Şeirlərimiz 15 respublikanın dilinə tərcümə olunurdu. Moskvada 3 şeir kitabım nəşr olunmuşdu. Bütün bu işlər dövlət tərəfindən həyata keçirilirdi. İndi isə belə əlaqələr tamam kəsilib. Bax bu ədəbi əlaqələri bərpa etmək lazımdır.
Bu hələ heç kimin yadına düşmür. Türkiyədə dostlar vasitəsilə kitab nəşr etdirmək olar. Amma yenə də satılmaq, yayılmaq problemi var. Hələ “Türkistan” jurnalında şeirlərim çap olunurdu. Türkiyədə Fırat Universitetinin professoru Tuncay Gülənsoy mənim haqqımda monoqrafiya yazıb universitetdə yaymışdı. Amma indi hər şey dövlətin yox, sənin öz üzərinə düşür. Şairin vəzifəsi yazmaqdır. Amma onu satmaq, yaymaq dövlətin işi olmalıdır.

– Musa müəllim, Mikayıl Müşfiq yazmışdı ki, “Şairəm deyib yerindən duran, Adamın üzündə həya gərəkdir.” Bu gün əli qələm tutan, ağına-bozuna baxmadan yazır. Ancaq onların arasında şeir yoxdur. Belə “şairəm” deyib yerindən duranlara nə tövsiyyə edərdiniz?

– Yaxşı cavan şairlərimiz var. Ara-sıra şeirlərini oxuyuram. Amma lazımsız qol-budaqları o qədərdi, adam xəcalət çəkir. Ağacda lazımsız bic budaqlar kimidir onlar. Belələrinin içində meyvəni görmək olmur. Bu mənada doğrudan da “şairəm deyib yerindən duran adamın üzündə həya gərəkdir”. Bir də görürsən kənddə-kəsəkdə həmişə gördüyüm biri, budur bir şeir kitabı gətirib verir sənə ki, bəs mən də neçə vaxtdır yazıram. Ay balam, bu nə vaxt başladı yazmağa, hansı mətbuatda bir şeiri çap olunub? Qalırsan mat-məətdəl. Nə deyəsən belələrinə?

– Belə çıxır ki, Sovet dövründə söz var idi, çapı, yayılması problemi yaranıb. İndi isə çap, yayılma problem deyil, amma əsl söz qəhətə çıxıb.Bu fikrə münasibətinizi bilmək istərdik.

– Tamamilə razıyam bu fikirlə. Bizim “Söz Azadlığının Müdafiə Fondu” adlı bir qeyri hökumət təşkilatımız var. Bu məsələ ilə bağlı orada mütəmadi müzakirələr gedir. Söz indi qoz kimi divara dəyib yerə düşür. Ən mənalı söz deyiləndə belə çoxlarına çatmır. Yəni söz çoxdur, sadəcə meydanı yoxdur. Amma şeir sevən, şeirə qiymət verən insanlar az da olsa hələ var.
Bir şey də var ki, biz şahsevən xalqıq. Şaha yaxın olanı xalq da sayır, hörmət edir. Amma şahdan bir az uzaq olana insanlar qorxa-qorxa salam verirlər. Bax bu böyük dərddir. Ən çox sevdiyi şairə də, reallığı nəzərə alıb, sevgisini ürəyində saxlayanlar var. Bu da çox təəssüf doğurur.

– Musa müəllim. Bəlkə sonda özünüzün demək istədiyiniz nə isə var, biz onu soruşmadıq…

– Mənə elə gəlir ki, əhatəli, yaxşı söhbət elədik. Gündəlik qəzet çıxarmağın necə çətin iş olduğunu yaxşı bilirəm. Bircə rahat işiniz var ki, dünya təzadla doludur. O təzadları qəzetə gətirsəniz, yəni çarpaz budaqları gözümüzün qabağında göyərtsəniz, dünyanın mənzərəsi yaranacaq. Sizə bu işinizdə böyük uğurlar arzulayıram.

Elçin MƏMMƏDLİ