Özü haqda…

 

Əziz oxuçu!

Bir vaxtlar özünüöymək və arxayınçılıqdan tamamilə uzaq olan
Dövlətim budur ki, öz bulağımdan
İçirəm, qorxum yox qurumağından,-
beytini demişdim bir şeirimdə.

Bizim Buynuz kəndində bir bulağımız var; adına Soyuq çeşmə də deyirik, Qonaq bulaq da. Bu bulaq hər il iyun ayından başlayıb sentyabr ayının ortalarınacan qaynayır, sonra çəkilib gedir. Üzə çıxmaq istəyəndə ilk dəfə bir vələs ağaçının dibində sızılıb nohurlanır. Hə, onda bilirik ki, çeşməmiz bu il də qaynayacaq, yayımızı sərinlədəcək.
Həmişə o çeşmə kimi mənim də könlum dolanda bilirəm ki, sözum qaynayacaq, şeirim yaranacaq. Allahımıza, təbiətimizə ərk edib ona görə demişəm yuxarıdakı beytimi. Şükür ki, elə bu bulağımız da çağlayıb axıb, mənim könlüm də dolub şeirlənib, çeşmələnib.


«Payızdan yaza yol varmı…» başlığıında toplanan yazılarım lap son illər yazdığım şeirlərdir.
«İndi bildim tək qovaqlar nə çəkir» başlığı altında toplanan şeirlərim isə müxtəlif illərin müxtəlif şeirləridir.
Kitaba daxil etdiyim iki lirik poema: – «Dəyirman» – Böyuk şairimiz Xaqaninin poeziya dəyirmanıdır. Qüdrətli bir qələmin poetik gücüylə işləyən, əsrlər boyu dönə-dönə dəyişib dünyaya gələn yeni-yeni Azərbaycan şeirsevərlərinin Xaqani qələminə bəslədiyi həvəsdə yenidən doğulan əbədi fırlanan bir dəyirman, zindanı ağlayan, arxı çağlayan bir dəyirman.
«İndi desəm nağıldır» poeması təxminən 1940-50-ci illlərdə oxuyan, oxuya-oxuya işləyən, öz boylarından böyük yük qaldırmağa məcbur olan, naxırçılıq, kotançılıq edən yeniyetmə gənclərimizin həyatından bəhs edir. Bu poema bir növ avtobioqrafik bir səciyyə daşıyır.

Musa Yaqub