Musa Yaquba yazın

 

  1. Hələ yol gedirəm
    Əsrin sonuncu magikanı Musa Yaqubun 80 illiyinə

    Hələ yol gedirəm dərə boyunca,
    Dolaylar dolaşıq, çığırlar haça.
    …Tülkü dərəsinə enməyim asan,
    Qartal yuvasına qalxmaq çətindir,
    Qalmışam mən də bu yol ayrıcında.

    Düz səksən ildir yol gedir, bu sətirlərin müəllifi. İki yol ayrıcında qalan bu insan israrla, çətin də olsa qartal yuvasına qalxmağa üstünlük vermiş, sadəliyə sadiqliyindən, sadələrlə yol getməkdən xüsusi zovq aldığından, insanlığın ali zirvəsində özünə yer etmişdir.

    Dünya da belədir, bax, bu çəmən tək,
    İşi kimə, kefi kimə qalıbdı.
    Kəpənəklər üçün oyuncaq çiçək,
    Arını yamanca işə salıbdı.

    Dünyanın kefini yox, işini özünə yük edən, daşı, dəyirmanı, ağacı əsərlərinin obrazları hesab edən, əsrimizin sonuncu magikanı olan Musa Yaqub haqqındadır bu yazım.
    Musa Yaqub 10 may 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlmişdir. Orta məktəbdən sonra Göyçay pedaqoji məktəbini bitirmişdir. Ali təhsilini ADU-nun filologiya fakultəsində almışdır. İlk fəfə 1957-ci ildə, təyinatla Tircan kənd orta məktəbində müəllim kimi işə başlamışdır. “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri olub.
    Musa müəllim Bakı şəhərində yaşadı, yaratdı. Günlərin bir günü doğma kəndinə dönmək qərarı verdi. Onun kəndə dönüşü ürəyinin hökmü idi. M.Yaqub bu dünyaya doğulduğu doğma torpaqdan baxmağa üstünlük verdi. Elə bu səbəbdəndir ki, o təbiət vurgunu, təbiəti filosof kimi tərənnüm etməyi bacaran şair kimi ürəklərdə əbədiləşmişdir.
    Musa Yaqub şeirlərində bitib-tükənməyən bir sevgi vardır. O, alturist şairdir. Başqalarını-insanlıq adını uca tutmağı bacaran hər kəsi xoşbəxt, qəmsiz-kədərsiz görəndə özündə rahatlıq tapan şairdir:

    Qapında əyilib suala döndüm,
    Səndən alacağım cavaba görə.
    Allahım heç sənə əzab verməsin,
    Sən mənə verdiyin əzaba görə.

    Öz eşqim yolunda sadiq canam mən,
    Heyf oldum,həm yanan, həm yamanam mən.
    Bəlkə də, birinci müsəlmanam mən,
    Cəhənnəm çəkirəm savaba görə.
    Allahım heç sənə əzab verməsin,
    Sən mənə verdiyin əzaba görə.

    Ramiz Rövşən deyir ki, Musa müəllimin şeirləri “yeməli şeirlərdir”, çünki onun nə özü, nə də sözü heç vaxt əyilməyib.

    Indi yaşamaq da bir oyun olub
    Nə olsun, ağlımız, ruhumuz oyaq-
    Bu namərd dünyayla qolboyun olub
    Dünyanın mərdiylə yaşamalıyıq,
    Bir ömrün dərdiylə yaşamalıyıq.

    Musa Yaqub yaradıcılığına qısa səyahət onun 03.05.2017-ci il Azərbaycan Teatr Xadimləri İttifaqının binasında (Aktyor evi) 80-illik yubuleyi ilə əlaqədar hazırladığım yazıya giriş sayıla bilər.
    Musa müəllimi qeyd etdiyim ünvanın girişində qarşıladıq.Musa müəllimlə və onunla qol-qola gələn doktor Vaqif Xəlilovla səmimi salamlaşdıq. Şairi 80-illiyi münasibətilə qəzetimizin təsisçisi İlyas Rzayev, baş redaktor Polad Əskərov, müxbir Azər Qasımov və mən təbrik etdikdən sonra, onunla xatirə şəkili çəkdirdik.
    Yubiley gecəsinin aparıcısı Əjdər Ol yubliyarı və iştirakçıları salamladı. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Nəriman Həsənzadə,Vaqif Bəhmənli, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Seyran Səxavət, Maarif Soltan şair haqqında xatirələrini və xoş sözlərini söylədilər.
    Baş Nazirin müavini Elçin Əfəndiyev və Türkiyədə yaşayan İmdad Afşarlının teleqramlarını Əjdər Ol, İsmayıllı RİH-n başçısı Əməkdar elm xadimi Mirdaməd Sadıqovun təbrik məktubunu Valeh Salehoğlu səsləndirdi.
    Müğənnilərdən Zöhrə Abdullayeva, Sahibə Əhmədova, İsmayıl Abbasov, Rövşən Nicat və Aşıq Əhliman şairin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.
    Bədii qiraət ustası Əməkdar artist Ağalar Bayramov və İncəsənət universitetinin müəllimi Zülfiyyə şairin şeirlərindən nümunələr söylədilər.

    Belə durulduqda duruldu kefim,
    Çimdi şəfəqlərdə arzu qanadım.
    Sağ ol, a torpağım, a yaşıl evim,
    Burda bir anımı bir il yaşadım.
    Əzizim Musa müəllim, öz adımdan və qəzetimizin yaradıcı heyəti adından bizə yaşatdığınız xoş anlar üçün sizə dərin təşəkkürümü bildirirəm. Var olun, şair, sağlam və çox yaşayın!

    Telman Ümman Tircanlı,
    Şair-publisist,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvi

Şərh yazın

Your email address will not be published. Required fields are marked *